Filippində məktəbdə atışma: 6 şagird öldü, 17 nəfər yaralandı
Filippinin cənubunda, Cənubi Kotabato əyalətinin Banga şəhərində məktəbdə baş verən silahlı atışma nəticəsində 6 şagird ölüb, 17 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, Filippinin Sosial Rifah və İnkişaf Departamentinin (DSWD) yaydığı son məlumata görə, "Banga National High School"da baş verən insident zamanı 6 şagird həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Qurumun əməkdaşları hadisədən zərər çəkən şagird və onların ailələrinə yardım göstərmək üçün əraziyə cəlb olunub.
İlkin məlumatlarda ölən və yaralananların sayı daha az göstərilmişdi. Filippinin "GMA News" telekanalı əvvəlcə 2 nəfərin öldüyünü və 7 nəfərin yaralandığını bildirmişdi. Daha sonrakı rəsmi məlumatlarla itkilərin sayının artdığı dəqiqləşib.
Hadisə sentyabrın 18-də, yerli vaxtla günorta saatlarında "Banga National High School"un ərazisində baş verib. Məktəb Cənubi Kotabatonun Banga şəhərinin Barangay Benitez ərazisində yerləşir və burada həm orta, həm də yuxarı sinif şagirdləri təhsil alır.
Yerli KİV-lərin yaydığı ilkin məlumatlara görə, şübhəli şəxs də şagird olub. "GMA News" onun hadisə zamanı öldüyünü bildirib. Yerli polis mənbələrinə əsaslanan xəbərlərdə şübhəlinin özünü güllələdiyi qeyd olunur.
Hadisənin motivi hələlik açıqlanmayıb. Filippin rəsmiləri atışmanın hansı səbəbdən baş verdiyini müəyyənləşdirmək üçün araşdırma aparırlar.
Filippin Təhsil Departamenti (DepEd) məktəbdə baş verən silahlı insidentlə bağlı ciddi narahatlığını ifadə edib. Qurum bildirib ki, hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün məktəbin yerli idarəsi, regional qurumlar, hüquq-mühafizə orqanları və digər aidiyyəti strukturlarla koordinasiya aparılır.
Departamentin məlumatına görə, hadisədən zərər çəkən şagirdlərə, müəllimlərə və məktəb əməkdaşlarına psixoloji ilkin yardım və psixososial dəstək göstərilməsi nəzərdə tutulur. Qurum həmçinin ictimaiyyəti təsdiqlənməmiş məlumatları yaymamağa və hadisə ilə bağlı görüntüləri paylaşmamağa çağırıb.
Atışmadan sonra Banga şəhərində bütün təhsil səviyyələri üzrə dərslər müvəqqəti olaraq dayandırılıb. Məqsəd məktəblərdə təhlükəsizliyi təmin etmək və hadisənin nəticələrini qiymətləndirməkdir.
Hadisə Filippində son aylarda məktəblərdə baş verən bir neçə silahlı insidentdən sonra qeydə alınıb. Reuters-in məlumatına görə, iyunun 22-də Tacloban şəhərindəki San Jose National High School-da baş verən atışmada ən azı üç şagird öldürülüb, təxminən 20 nəfər yaralanmışdı. Avqustun 18-də isə Zamboanqadakı "Ateneo de Zamboanga University"də tələbənin silahlı hücumu nəticəsində iki tələbə, o cümlədən hücumu törədən şəxs ölmüşdü.
Cənubi Kotabato qubernatoru Reynaldo Tamayo silah sahiblərini odlu silahları yetkinlik yaşına çatmayanların əli çatmayan yerdə saxlamağa çağırıb. O, uşaqların silahlara çıxışının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Hazırda hüquq-mühafizə orqanları "Banga National High School"da baş verən atışmanın səbəblərini və hadisənin bütün təfərrüatlarını araşdırır.
T.İSMAYIL













