"Ermənistanın əl-qolu bağlı vəziyyətdə qalıb" - Qafar Çaxmaqlı

 14:23 18.09.2026     130

Xəbər verdiyimiz kimi,  Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etməyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistana rus qazının verilməsi məsələsi həm Ermənistanın, həm də Rusiya siyasi dairələrinin gündəmindədir:

"Bu, daha çox Ermənistana təzyiq vasitəsinə çevrilib. Çünki Ermənistana əgər qazın qiymətində dəyişiklik olunarsa, Ermənistan iqtisadiyyatına, şübhəsiz ki, bu, çox böyük təsir göstərəcək. Yəni Rusiya Ermənistana 177 dollara qaz verir, amma dünya bazarında qiymət 600-700 dollar civarındadır. Buna görə Ermənistanın əgər belə bir qiymətə Rusiyadan qaz alması Ermənistan iqtisadiyyatına çox ciddi təsir edəcək və Rusiya da bundan istifadə eləyərək Ermənistana təzyiqini gücləndirəcək.

Ermənistan rəhbərləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Rusiyanın qiymətləri qaldıracağı təqdirdə nə edəcəkləri ilə bağlı əslində Ermənistanın Baş naziri Nikol Paşinyanın fikrini təkrarlayır. Yəni Paşinyan da daha öncələr demişdi ki, biz alternativlər axtara bilərik. O alternativlərin içərisində Azərbaycanın, İranın və Türkiyənin adı da çəkilir. Türkiyənin qazı olmasa da, Ermənistan yenə Türkiyədən qaz almaqla bağlı planlarını gizlətməmişdir. Bu mənada, Ermənistanın seçimləri arasında Azərbaycan da ola bilər, İran da ola bilər, hətta Türkiyə də ola bilər. Əgər belə bir şey baş verərsə, yəni Rusiya Ermənistana vaxt verib, yəni seçim etməsini istəyir. Avrasiya İqtisadi İttifaqında qalıb-qalmaması məsələsi Rusiya lideri Vladimir Putinlə Paşinyan arasında qarşıda gözlənilən görüşdə həll ediləcək. O zaman əgər Ermənistan Avrasiya İttifaqından çıxarsa, Avropa Birliyinə meyllənərsə, Ermənistanın başqa çarəsi yoxdur ki, alternativlər axtarsın və qazın qonşu ölkələrdən alınması ilə bağlı planını irəli sürsün".

Müsahibimiz hesab edir ki, bunun başvermə ehtimalı çox da böyük deyil:

"Rusiya Ermənistanı itirmək istəmir. Mən bu düşüncədəyəm ki, Rusiya Ermənistana təzyiq etmək üçün bu üsula əl atıb və Ermənistanla müəyyən mənada qazın qiymətlərində də razılaşmalar ola bilər. Seçimlərin arasında Rusiyanın özü də var. Ola bilsin ki, qazın qiymətində müəyyən bahalaşma müşahidə edilsin. Amma bunun nə dərəcədə Rusiyanın təzyiq aləti olacağını gələcəkdə görəcəyik.

Ermənistana Rusiyanın təzyiqləri içərisində yalnız qazın qiymətləri, qazın verilməsi deyil, atom elektrik stansiyasının yanacağının da 100 faizi Rusiyadan gəlir. Rusiya bununla da Ermənistanı təhdid eləməkdədir. Rusiyanın təhdid elementlərinin içərisində dəmir yolunun olması da var. Yəni Ermənistanın dəmir yolu Rusiyanın kontrolu altındadır və Ermənistan da, yəni həm Zəngəzurda, həm də ölkənin içərisində sülh kəsişməsi dediyi məsələni həll etmək üçün Rusiyanın bu dəmir yolunu Ermənistana verməsi və yaxud başqa bir ölkəyə devr etməsi məsələsi ortaya çıxa bilər. Rusiya da bunu açıq şəkildə etmir və Ermənistanın əl-qolu bağlı vəziyyətdə qalıb. Yəni qaz məsələsi siyasi məsələdir və bunun Paşinyan-Putin görüşündə müzakirə olunacağı ehtimalı var. Bu müzakirə zamanı onun verilib-verilməyəcəyi və alternativlərin ortaya qoyulacağı məsələsi də həll ediləcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən