Almaniya ABŞ-dən ilk F-35A qırıcı təyyarəsini ALDI
Almaniya ABŞ-dən ilk F-35A qırıcı təyyarəsini alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Təyyarə ABŞ-nin “Lockheed Martin” şirkətinin Texas ştatının Fort-Uert şəhərindəki zavodunda Almaniyanın müdafiə naziri Boris Pistoriusa təqdim olunub.
Almaniya ümumilikdə 35 ədəd F-35A qırıcısı sifariş edib. İlk səkkiz təyyarə pilot və texniki heyətin hazırlanması üçün ABŞ-də qalacaq. İlk təyyarələrin 2027-ci ildən etibarən Almaniyanın Büxel aviabazasında yerləşdirilməsi planlaşdırılır. Bütün təyyarələrin 2029-cu ilə qədər təhvil verilməsi nəzərdə tutulur.
Pistorius F-35A-nı NATO üçün mühüm imkanlar yaradan təyyarə kimi qiymətləndirib. Almaniya bu təyyarələrdən NATO-nun nüvə çəkindirmə missiyasında da istifadə edəcək. Ölkənin öz nüvə silahı yoxdur, lakin NATO-nun nüvə paylaşımı çərçivəsində ABŞ-nin nüvə silahlarının daşınması imkanını təmin edir.
F-35A yüksək səviyyəli sensor və rabitə sistemləri ilə təchiz olunub. Təyyarə müxtəlif sensorlardan əldə edilən məlumatları birləşdirərək döyüş şəraitinin vahid görüntüsünü formalaşdırmağa imkan verir. Almaniya bu qırıcıları köhnəlmiş “Tornado” təyyarələrini əvəz etmək üçün alır.
Almaniya F-35A-ların yerləşdiriləcəyi Büxel aviabazasının yenilənməsi üçün də böyük investisiya həyata keçirir. Aviabazanın modernləşdirilməsi ilə bağlı xərclərin təxminən 2 milyard avroya çatacağı bildirilir.
Aytəkin TOFİQQIZI













