İran Ermənistan-Türkiyə sərhədinin açılmasını dəstəkləyir
İran Ermənistanla Türkiyə arasında sərhədin açılmasının tərəfdarıdır.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami NEWS.am-a açıqlamasında bildirib.
Səfir qeyd edib ki, Türkiyə İranın mühüm qonşusudur və Tehran bu ölkə ilə tarixi, iqtisadi və siyasi əlaqələrə malikdir:
“Türkiyə ilə təxminən 500 ildir müharibə və münaqişə yaşamamışıq. Ölkələrimiz arasında mühüm iqtisadi əlaqələr qurulub, insanlararası təmaslar fəal inkişaf edir. Yüksək səviyyəli siyasi münasibətlər də müsbət istiqamətdə irəliləyir”.
Şirqolaminin sözlərinə görə, İran həm Ermənistan, həm də Türkiyə ilə yaxşı münasibətlərə malik olduğu üçün İrəvanla Ankara arasında münasibətlərin tam normallaşdırılmasında müsbət rol oynaya bilər.
Diplomat TRIPP layihəsi ilə bağlı əsas müzakirələrin Ermənistan hökuməti ilə aparıldığını da bildirib. O bunu layihənin Ermənistan ərazisində həyata keçiriləcəyi ilə əlaqələndirib.
“Digər ölkələrin, xüsusilə Türkiyənin mövqeyini də dinləyirik. Lakin bu məsələdə əsas həmsöhbətimiz Ermənistandır. Kommunikasiyaların açılması hərtərəfli və çoxtərəfli xarakter daşıyarsa, Ermənistan Fars körfəzinə, İran isə Qara dənizə çıxış əldə edər. Bu, bütün ölkələrin maraqlarına uyğun olar”, – səfir vurğulayıb.













