Tramp Kim Çen Inla görüşmək istəyir

 19:26 19.09.2026     82

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla şəxsi əlaqələri yenidən bərpa etməyə və onunla yeni görüş keçirməyə çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Son aylarda Tramp dəfələrlə Şimali Koreya lideri haqqında müsbət fikirlər səsləndirib. Lakin Pxenyan hələlik Vaşinqtonun təşəbbüslərinə müsbət cavab verməyib.

İyun ayında Tramp 2018-ci ildə ilk tarixi görüşlərinin keçirildiyi Sinqapurdakı dəbdəbəli otelin ərazisində Kim Çen Inla birlikdə gəzintisini əks etdirən foto paylaşmışdı. Bir neçə həftə sonra isə ABŞ prezidenti Şimali Koreya lideri ilə “çox yaxşı münasibətlərinin” olduğunu bildirmişdi.

Avqust ayında Tramp Kim Çen Inla bu il görüşmək niyyətində olduğunu da açıqlayıb. Eyni zamanda Vaşinqton Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını azaldıb. Tramp bu təlimləri KXDR-ə qarşı düşməncəsinə addım kimi qiymətləndirib.

Lakin Pxenyan Vaşinqtonun təşəbbüsünə hazır olduğunu göstərməyib. Kim Çen Inın bacısı Kim Yo Conq bildirib ki, onun qardaşı ilə Tramp arasında hər hansı əlaqədən xəbərdar deyil. Onun sözlərinə görə, ABŞ-Cənubi Koreya hərbi təlimlərinin miqyasının azaldılması bu təlimlərin “təxribatçı və hücum xarakterini” dəyişməyib.

Sentyabr ayında Şimali Koreya ABŞ siyasətini yenidən düşmənçilik kimi qiymətləndirib və nüvə potensialını gücləndirməyə davam edəcəyini açıqlayıb. Pxenyan həmçinin Vaşinqtonun ölkənin tam nüvəsizləşdirilməsi ilə bağlı çağırışlarını rədd edib.

Tramp-Kim görüşündə Çinin rolu

ABŞ prezidentinin Kim Çen Inla mümkün görüşü Çin lideri Si Cinpinlə qarşıdakı təmaslar zamanı da müzakirə oluna bilər.

Si Cinpin sentyabrın 24-də Vaşinqtona səfər etməlidir. Çinin uzunmüddətli müttəfiqi olan Şimali Koreya görüş zamanı müzakirə ediləcək məsələlərdən biri ola bilər.

Tramp və Si Cinpin arasında bu, il ərzində ikinci görüş olacaq. Danışıqlarda ticarət, Tayvan, İran, süni intellekt və strateji əhəmiyyətli faydalı qazıntıların tədarükü kimi məsələlərin də müzakirəsi gözlənilir.

ABŞ ekspertlərinin “The New York Times”a verdiyi açıqlamalara görə, Çin Pxenyan üzərində təsirini qorumaqda maraqlıdır və Şimali Koreyanın ABŞ-la həddindən artıq yaxınlaşmasını istəmir. Pekinin Tramp və Kim arasında görüşün təşkilinə kömək etməsi isə Vaşinqtonla münasibətlərdə Çinə əlavə təsir imkanları verə bilər.

Yeni görüş Tramp və Kim Çen Inın ilk prezidentlik dövründə başladığı diplomatiyanın davamı ola bilər.

2018-ci ildə iki lider Sinqapurda sammit keçirib. 2019-cu ildə isə Hanoyda görüşüblər. Vyetnamdakı danışıqlar Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma əldə olunmadan başa çatıb.

Həmin ilin iyununda Tramp Şimali Koreya ərazisinə daxil olan ilk fəaliyyətdə olan ABŞ prezidenti olub. O, demilitarizasiya olunmuş zonada Kim Çen Inla görüşüb və bir müddət sərhədin Şimali Koreya tərəfində onunla birlikdə olub.

Tramp daha əvvəl də Kimlə şəxsi münasibətlərindən danışıb. İlk prezidentlik dövründə hətta iki liderin bir-birinə “aşiq olduğunu” söyləyib və Ağ Evə gələn qonaqlara aralarında yazışdıqları məktubları göstərib.

İndi ABŞ prezidenti həmin diplomatiyanı yenidən canlandırmağa çalışır. Lakin Şimali Koreyanın mövqeyindən görünür ki, liderlər arasındakı şəxsi münasibətlər Pxenyanın əvvəlki danışıqlar formatına qayıtmağa hazır olduğu anlamına gəlmir.

Cənubi Koreya Prezidenti Li Çje Myon da sentyabrın 18-də bildirib ki, qarşıdakı aylarda Tramp və Kim Çen In arasında görüş mümkündür. Onun sözlərinə görə, bunun baş verməsi üçün uyğun şərait formalaşmalıdır.

Vumart və Güvən reklamı Vumart Güvən