İran ABŞ ilə danışıqlar üçün 7 şərt irəli sürdü
İran İki ölkə arasında istənilən danışıqların və diplomatik təmasların başlanması üçün ABŞ administrasiyasına 7 əsas şərt təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi "X" sosial media hesabında bəyan edib.
Məlumata görə, M.Rzayi Vaşinqtona ünvanlanan mesajın aydın və birmənalı olduğunu vurğulayıb:
"İran ABŞ hökumətinə istənilən danışıqların başlanması üçün yeddi şərt təqdim edib. Tehranın mesajı aydın və birmənalıdır: əgər Vaşinqton yaratdığı çətin vəziyyətdən çıxmaq və daha da bataqlığa batmamaq istəyirsə, İranın hüquqlarını və şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur".
Şura katibi həmçinin əlavə edib ki, irəli sürülən tələblərin qəbul edilməsi Vaşinqtonun öz maraqlarına uyğundur və Donald Trampın hədələri heç bir nəticə verməyəcək.
Bildirilir ki, Qətər vasitəçiliyi ilə ABŞ-yə çatdırılan şərtlərin əsasını bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, İranın dondurulmuş maliyyə aktivlərinin azad edilməsi və dəniz blokadasının ləğv olunması təşkil edir. Tehran tərəfi şərtlər rədd ediləcəyi təqdirdə qətiyyətli müharibəyə və istənilən ssenariyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Vaşinqton və Tehran arasında diplomatik kanallar vasitəsilə təmasların bərpası və regionda eskalasiyanın azaldılması istiqamətində vasitəçilik səyləri davam etdirilir.
Aminə ŞAHSUVARQIZI













