Makron Trampın xəritə qalmaqalına Sen-Pyer və Mikelondan cavab verdi: "Burada müzakirəyə yer yoxdur"

 13:37 20.09.2026     74

Fransa Prezidenti Emmanuel Makron Şimali Atlantikanın Sen-Pyer və Mikelon arxipelaqına səfəri zamanı ərazinin qeyd-şərtsiz Fransa torpağı olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Məlumata görə, Yelisey sarayının rəhbəri bu addımı ABŞ Prezidenti Donald Trampın bütün bölgəni Amerika bayrağı altında göstərən süni intellektlə hazırlanmış xəritə paylaşımına cavab olaraq atıb.

Arxipelaqa çatan Makron jurnalistlərə açıqlamasında "Aydındır ki, burada müzakirəyə yer yoxdur" deyərək, Fransanın "kiminsə qəribə fikirləri olduğuna və ya qəribə şeylər dediyi üçün" suverenliyini hər gün təsdiqləməyə ehtiyac duymadığını vurğulayıb.

Bildirilir ki, bazar günü fransalı lider Kanadanın Baş naziri Mark Karni ilə Sen-Pyerdə görüşəcək. Bu, Kanada baş nazirinin Kanada saillərindən cəmi 20 kilometr aralıda yerləşən fransız ərazisinə ilk rəsmi səfəri kimi tarixə düşəcək. Makronun sözlərinə görə, səfər Şimali Atlantika və Arktikada gərginləşən geosiyasi vəziyyət fonında Vaşinqtona "güclü siqnal" göndərmək məqsədi daşıyır.  

Müzakirələrin əsas mövzularından biri enerji əməkdaşlığı və Avropaya Kanada mayeləşdirilmiş təbii qazının (LNG) tədarükünün artırılması olacaq. Həmçinin, Makron 5800 nəfərlik arxipelaqın sosial-iqtisadi problemlərini, iqlim dəyişikliyi səbəbindən Mikelon kəndinin köçürülməsi layihəsini və regionda hərbi mövcudluğun gücləndirilməsi planlarını diqqətdə saxlayacağını bəyan edib.  

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Kanadanı "51-ci ştat" kimi təsvir etməsi və Qrenlandiyaya dair ərazi iddiaları fonında Kvebek və Paris arasında tərəfdaşlıq əlaqələri keyfiyyətcə yeni müstəviyə keçir.  

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən