Respublikaçı senator Trampın qadağasını müdafiə etdi - Ağ Evdə media qalmaqalı
ABŞ-nin Respublikaçı senatoru Con Barrasso Prezident Donald Trampın bəzi aparıcı media vasitələrinin jurnalistlərinə tətbiq etdiyi qadağaya münasibət bildirib.
Redaktor.az xəbər verir ki, senator Trampın "CNN", "MS NOW" və "Politico" jurnalistlərinin Ağ Evdə fəaliyyət göstərməsini qadağan etmək qərarını Konstitusiyanın pozulması hesab etmədiyini vurğulayıb.
"NBC News" telekanalına müsahibəsi zamanı Barrassodan iki dəfə prezidentin bu addımının mətbuat azadlığını təmin edən ABŞ Konstitusiyasının Birinci Düzəlişinə zidd olub-olmadığı soruşulub. Senator suala birbaşa cavab verməkdən yayınaraq, medianın hadisələri ədalətli şəkildə işıqlandırmaq məsuliyyəti daşıdığını qeyd edib.
Barrasso konstitusiya pozuntusu ilə bağlı suala cavabında "Xeyr, inanıram ki, mətbuat ədalətli məlumat vermək vəzifəsinə malikdir", - deyə bildirib. Trampın qadağasını dəstəkləyib-dəstəkləmədiyi barədə təkrar suala isə senator belə cavab verib: "Hamımız mətbuat azadlığına hörmət edirik və dəyər veririk - bu, Konstitusiyada təsbit olunub".
Siyasətçi həmçinin Trampın əvvəllər sosial şəbəkələrdə məruz qaldığı məhdudiyyətləri də xatırladıb: “O, tviterdə bloklanıb. O, feysbukda bloklanıb və mən onun müdafiəsinə çıxan heç kimi görməmişəm”.
Senator əlavə edib ki, media da öz növbəsində cəmiyyətə obyektiv xəbərlər təqdim etmək üçün məsuliyyət daşıyır.
Aminə ŞAHSUVARQIZI













