Atlantik okeanında və Meksika sahillərində eyni vaxtda iki tropik fırtına əmələ gəlib
Şimali Atlantik və Şərqi Sakit okeanlarında iki yeni tropik fırtına meydana gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Milli Qasırğa Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, Şimali Atlantik Okeanında əmələ gələn "Fay" tropik fırtınasının mərkəzi bazar günü səhər saatlarında Azor adalarından təxminən 730 kilometr cənub-qərbdə yerləşib. Maksimum küləyin sürəti saatda 75 kilometrə çatan fırtına şimal-şimal-şərq istiqamətində saatda 7 kilometr sürətlə hərəkət edir. Mütəxəssislər "Fay"ın yaxın günlərdə bir qədər güclənə biləcəyini, lakin həftənin sonunadək zəifləyərək dağılacağını və quruya təhlükə yaratmayacağını bildirirlər.
Eyni zamanda, Sakit Okeanın şərqində "Odalis" adlı digər tropik fırtına qeydə alınıb. Fırtınanın mərkəzi Meksikadakı Aşağı Kaliforniya yarımadasının cənub ucundan təxminən 2005 kilometr cənub-qərbdə yerləşir. Küləyin maksimum sürəti saatda 65 kilometr təşkil edir və şimal-qərb istiqamətində saatda 13 kilometr sürətlə irəliləyir.
Milli Qasırğa Mərkəzi "Odalis"in bazar ertəsi gününə qədər daha da güclənərək qasırğaya çevrilə biləcəyini proqnozlaşdırır.
Qeyd olunur ki, hər iki fırtına ilə bağlı hazırda heç bir sahil xəbərdarlığı və ya xüsusi müşahidə rejimi tətbiq edilməyib.
Aminə ŞAHSUVARQIZI













