Polşada ölkənin baş nazirini sosial mediada təhdid edən şəxs həbs edildi

 21:07 20.09.2026     60

Polşada Baş nazir Donald Tuska qarşı təhdidlər səsləndirilən videonu sosial şəbəkələrdə paylaşan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.  

Redaktor.az xəbər verir ki, bu barədə "RMF 24" telekanalı məlumat yayıb.  

Pşemışl şəhər polisinin sözçüsü, komissar müavini Karolina Kovalikin verdiyi bəyanata görə, 56 yaşlı kişi sözügedən səs yazısı və görüntünün dərc olunmasından sonrakı gün tutulub. Polisin məlumatına görə, hazırda saxlanılan şəxslə bağlı əlavə istintaq tədbirləri həyata keçirilir.  

Əməliyyat zamanı polis tərəfindən kişiyə məxsus video görüntülər və elektron cihazlar müsadirə olunub. Müstəntiqlər toplanmış materialları təhlil edir və şübhəliyə qarşı rəsmi ittiham irəli sürmək üçün hüquqi baza hazırlayırlar. İttihamların bazar ertəsi günü rəsmən elan ediləcəyi gözlənilir.  

Polşa hüquq-mühafizə orqanları xatırladıblar ki, internetdə qanunsuz materialların dərc edilməsi müəlliflərə heç bir anonimlik zəmanəti vermir.  

Pşemışl polisinin "X" sosial şəbəkəsində yayımlanan rəsmi bəyanatında deyilir: "İnternetdə heç kim cəzasız qalmır. Polis bu cür hallara dərhal reaksiya verir, material müəlliflərini müəyyən edərək onları mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb etmək üçün qətiyyətli tədbirlər görür".  

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən