Üz örtüyü qadağan edilir, xarici şagirdlərə limit qoyulur - Meloni qərarını AÇIQLADI

 21:15 20.09.2026     57

İtaliyanın Baş naziri Corciya Meloni məktəblərdə üz örtüyünün qadağan edilməsi və hər sinifdə xarici şagirdlərin maksimum faizinin müəyyən edilməsi planlarını açıqlayıb.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu bəyanatı rəhbərlik etdiyi "İtaliya Qardaşları" partiyasının gənclər qanadının illik tədbirində çıxışı zamanı verib.

Meloninin sözlərinə görə, müvafiq qanun layihəsi tezliklə hökumət iclasına təqdim olunacaq. Sənəddə həmçinin məktəb sisteminə inteqrasiyada ciddi çətinlik çəkən xarici şagirdlərin valideynləri üçün məcburi italyan dili tədrisi də nəzərdə tutulur.

"Tezliklə hər sinifdə maksimum xarici şagird sayını qanuni olaraq müəyyən edəcək qərar tətbiq olunacaq", - deyə Meloni bildirib, lakin hələlik konkret limit göstərməyib.

Baş nazir bu təşəbbüsü italyan dilində zəif danışan uşaqların inteqrasiyasını asanlaşdırmaq zərurəti ilə izah edib. O vurğulayıb ki, əgər sinifdə dili başa düşməyən bircə uşaq varsa, o, sinif yoldaşları və müəllimlərin köməyi ilə dili tez öyrənə bilər. Lakin belə şagirdlərin sayı çoxdursa və xüsusən də onlar sinfin əksəriyyətini təşkil edirsə, "bu, inteqrasiya deyil, laqeydlikdir".  

Hökumətin digər addımı isə üzü örtən geyimlərlə bağlıdır. Meloni bildirib ki, üzü tamamilə və ya demək olar ki, bütövlüklə qapayan burqa və niqabların məktəblərdə geyinilməsi qadağan ediləcək.  

"Məktəbə üzünüz açıq şəkildə gəlməlisiniz. İtaliyada heç kim - həqiqi və ya güman edilən ənənə adı altında - gənc bir qadının üzünü örtməsinə təzyiq göstərə bilməz", - deyə İtaliyanın Baş naziri əlavə edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən