Vuçiç Nyu-Yorka gedir: Tramp və Lavrovla kritik görüşlər gözlənilir

 21:29 20.09.2026     69

Serbiya Prezidenti Aleksandr Vuçiç BMT Baş Assambleyasının iclası çərçivəsində Nyu-Yorka gözlənilən səfəri zamanı ABŞ Prezidenti Donald Tramp və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da daxil olmaqla bir sıra ölkələrin liderləri ilə görüşəcək.

Redaktor.az "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç şəxsi bəyanatında bildirib.

Vuçiçin sözlərinə görə, o, həmçinin tezliklə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

"Beoqrad" radiosunda çıxış edən dövlət başçısı səfərinin əsas mövzularından biri kimi Kosovo və Metoxiyadakı serblərin təhlükəsizlik vəziyyətini qeyd edib. O vurğulayıb ki, Nyu-Yorkda Serbiyanın milli maraqlarını qətiyyətlə müdafiə edəcək.

Beynəlxalq gərginliyə toxunan Vuçiç Ukraynadakı müharibənin şiddətləndiyini, Ukrayna və Yaxın Şərqdəki münaqişələrin köklü səbəblərinin hələ də aradan qaldırılmadığını və bu problemlərin qısa zamanda həllinin mümkün olmadığını diqqətə çatdırıb.

Serbiya prezidenti Rusiya ilə enerji sahəsindəki əməkdaşlığa da münasibət bildirib. O qeyd edib ki, Belqrad Moskva ilə qaz təchizatı və NIS neft şirkətinin fəaliyyəti barədə danışıqları davam etdirməlidir. Mövcud qaz müqaviləsinin müddətinin başa çatdığını xatırladan Vuçiç, bu məsələləri Lavrovla müzakirə edəcəyini deyib: "Lavrovu Nyu-Yorkda görməyi gözləyirəm və inanıram ki, tezliklə Putinlə də telefon danışığım olacaq".

Dövlət başçısı ölkənin enerji təhlükəsizliyinin vacibliyini önə çəkərək, Serbiyanın hazırda 690 milyon kubmetr qaz ehtiyatına malik olduğunu, lakin neft təminatı ilə bağlı vəziyyətin daha mürəkkəb qaldığını əlavə edib.

Sonda Vuçiç Serbiyanın hər hansı hərbi bloklara qoşulmaq niyyətində olmadığını, Aİ üzvləri, Rusiya və ABŞ da daxil olmaqla bütün tərəflərlə balanslı münasibətləri saxlamaq xəttini davam etdirəcəyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən