Sərhəddə Rusiya təhlükəsi: Polşa həyəcan sistemlərini 10 dəfədən çox artırdı
Polşa-Ukrayna sərhədi yaxınlığındakı obyektlərə Rusiyanın təşkil etdiyi ardıcıl hava zərbələri fonunda Varşava ölkənin şərq sərhədlərində xəbərdarlıq sistemini sürətlə genişləndirir.
Redaktor.az PAP agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski Lyublin şəhərində keçirdiyi brifinqdə bildirib.
Nazirin sözlərinə görə, Rusiya hərbi taktikasını dəyişib və artıq sərhəd-keçid məntəqələri, eləcə də sərhədə yaxın digər strateji infrastruktur obyekti tez-tez dron və raketlərin hədəfinə çevrilir. Kervinski vurğulayıb ki, 2024-cü ilin əvvəlində regionda məsafədən aktivləşdirilən cəmi 30-a yaxın həyəcan sireni var idisə, hazırda onların sayı 350-yə çatdırılıb.
Xəbərdarlıq sisteminin kəskin gücləndirilməsi Ukraynanın qərb bölgələrinə edilən hücumların Polşada birbaşa hiss olunması ilə bağlıdır. Ötən həftənin cümə axşamı Rusiyanın kütləvi hava hücumu səbəbindən Polşa və NATO qırıcıları havaya qaldırılıb, Lyublin və Rjeşuv hava limanlarının fəaliyyəti isə müvəqqəti dayandırılıb.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Dorohusk sərhəd keçid məntəqəsindən cəmi bir neçə yüz metr aralıda - Ukrayna ərazisindəki yanacaqdoldurma məntəqəsinə Rusiya raketinin düşməsi nəticəsində güclü partlayış qeydə alınıb. Sentyabrın 13-də isə Rusiya PUA-sı sərhəddən 2 kilometr məsafədə yerləşən vağzalda sərnişin qatarının lokomotivini vurub. Məlumata görə, hücumdan bir qədər əvvəl beynəlxalq diplomatları daşıyan qatar həmin stansiyadan keçibmiş.
Rəsmi Varşava hər iki insident zamanı Polşanın hava məkanının pozulmadığını bildirsə də, zərbələrin bilavasitə sərhəddə baş verməsi şərq vilayətlərinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Aminə ŞAHSUVARQIZI













