Rusiyanın NATO-ya hücum edəcəyi tarix AÇIQLANDI
Avropa kəşfiyyat idarələrinin rəhbərləri Rusiyanın NATO ölkələrinə qarşı hərbi və təxribat xarakterli əməliyyatlarını sürətlə eskalasiya etdirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Redaktor.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin rəhbəri Mixal Kudelka məhdud işğal, yalançı təxribat ("false flag") və ya digər riskli ssenarilərin "illər deyil, aylar ərzində" reallaşa biləcəyini diqqətə çatdırıb.
Bu həyəcanlı xəbərdarlıqlar Polşanın Baş naziri Donald Tuskun kəşfiyyat məlumatlarına istinadən verdiyi bəyanatdan sonra intensivləşib. Tusk parlamentdə çıxışı zamanı Rusiyanın yaxın aylarda NATO ərazisinə PUA və ya raket zərbələri endirə biləcəyini deyib. Onun sözlərinə görə, Moskvanın əsas məqsədi alyansın 5-ci maddə üzrə birgə müdafiə öhdəliklərini sınağa çəkməkdir. Fransa Prezidenti Emmanuel Makron isə Tuskun bu xəbərdarlığını tamamilə əsaslı və sənədləşdirilmiş adlandıraraq Parisdə siyasi partiya liderləri ilə təcili qapalı görüş keçirib.
Bununla belə, Baltikyanı ölkələrin kəşfiyyat rəhbərləri vəziyyətə daha ehtiyatla yanaşırlar. Latviya Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Normunds Mejviets və Estoniya XİN-in baş katibi Conatan Vseviov qaçılmaz hücum əlamətinin olmadığını, Moskvanın bu addımlarla daha çox Qərb cəmiyyətində qorxu və xaos yaratmağa çalışdığını bildirərək ictimaiyyəti panikaya düşməməyə çağırıblar.
Buna baxmayaraq; Çexiya, Latviya və İsveç kəşfiyyat xidmətlərinin rəhbərləri Rusiyanın Avropadakı gələcək gərginlik və təxribat kampaniyasının daha da intensivləşəcəyi qənaətindədirlər. İsveç hərbi kəşfiyyatının rəisi Tomas Nilsonun sözlərinə görə, Rusiyanın hədəfində dəmir yolları, müdafiə sənayesi və Ukraynaya yardım göstərən strateji obyektlər dayanır.
Kreml isə NATO-ya hücum etmək niyyətində olduğunu qətiyyətlə təkzib edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatların Moskvanın real niyyətləri ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Aminə ŞAHSUVARQIZI













