İrandan ABŞ-yə yeni təhdid: “Müharibənin coğrafiyasını dəyişəcəyik”

 10:11 21.09.2026     77

İran ABŞ və İsrail tərəfindən yeni hücum olacağı təqdirdə silahlanma və hərbi əməliyyatların coğrafiyasını dəyişəcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi televiziya proqramında çıxışı zamanı bildirib.

ABŞ və İsrailin İrana qarşı yeni hücum ehtimalını şərh edən Mühibbi deyib ki, belə bir hal baş verərsə, İranın müdafiəsi və hücumları ciddi şəkildə dəyişəcək.

“Yeni hücum olarsa, silahların və müharibənin coğrafiyasını dəyişəcəyik. Yeni imkanlarla təchiz olunmuş silahlı qüvvələri meydana çıxaracağıq və dünya heyrətə gələcək. Hədəflərimiz əvvəlki hədəflər deyil. Hələ hücuma məruz qalmamış yeni hədəflər müəyyən etmişik”, - deyə o bildirib.

Mühibbi İranın uzunmüddətli müharibəyə hazır olduğunu da vurğulayıb. Onun sözlərinə görə, müharibənin müxtəlif mərhələləri olur və qarşıdurma davam edə bilər.

“İnqilab Keşikçiləri müharibəyə onsuz da hazır idi, indi isə daha hazırlıqlıyıq”, - deyə sözçü qeyd edib.

İnqilab Keşikçiləri Korpusunun indiyədək ABŞ ilə əlaqə saxlamadığını və silahlı qüvvələrin diplomatik proseslərə cəlb olunmadığını bildirən Mühibbi ordunun əsas vəzifəsinin ölkəni müdafiə etmək olduğunu deyib.

O, bölgədə ABŞ hegemonluğunun sona çatdığını və yeni nizamı ABŞ-nin deyil, İranın müəyyən etdiyini iddia edib.

Mühibbi ABŞ-nin uzun illər yüksək müdafiə imkanlarına malik olması görüntüsündən istifadə edərək region ölkələrində hərbi bazalar yaratdığını bildirib. Onun sözlərinə görə, İran həmin bazaları vuraraq istifadəyə yararsız vəziyyətə salıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən