Ukrayna Ufada neft emalı zavoduna hücum edib
Ukrayna Silahlı Qüvvələri Ufaya PUA hücumu həyata keçirib.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin şimalındakı sənaye zonasında yanğın baş verib.
Məlumata görə, hədəf ildə 7,3 milyon ton istehsal gücünə malik Başneft-Novoil neft emalı zavodu olub. Bu zavod Rusiyada yüksək oktanlı benzin istehsalının təxminən 10%-ni və yağların (dəniz, hidravlik və motor) 7%-dən çoxunu təşkil edir.
Başneft-Ufaneftexim və Başneft-UNPZ zavodları ilə birlikdə, ildə ümumi gücü 23,5 milyon ton olan Ufa Neft Emalı Kompleksini təşkil edir. Neft emalı zavodlarının yerləşdiyi sənaye zonası Ukrayna sərhədindən təxminən 1400 km məsafədə yerləşir.
Respublikanın Dövlət Fövqəladə Hallar Komitəsinin sədri Kirill Pervovun sözlərinə görə, bu səhər Başqırdıstanda dron həyəcanı verilib. Regionda mobil internet bağlanıb. Rosaviasiya Ufa hava limanında təyyarələrin enişinə və uçuşuna məhdudiyyətlər tətbiq edib. Sakinlər şəhərin şimal hissəsində partlayışlar barədə məlumat veriblər. Rusiya Müdafiə Nazirliyi Başqırdıstan və digər 18 bölgə, eləcə də Qara dəniz üzərində 244 Ukrayna dronunun vurulduğunu bildirib.













