İslamabadda İmran Xanla bağlı hazırlıq başladı

 18:27 22.09.2026     55

Pakistan hökuməti sentyabrın 27-də ölkənin ən böyük müxalifət partiyası “Ədalət Uğrunda Hərəkat”ın planlaşdırdığı kütləvi hakimiyyət əleyhinə etirazlar zamanı çoxlu sayda zərərçəkənin qəbul edilməsi üçün İslamabaddakı xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın səhiyyə orqanlarına göndərilən bildirişdə hərəkatın qurucusu və Pakistanın keçmiş Baş naziri İmran Xanın həbsdən azad edilməsi tələbi ilə keçirəcəyi mitinq zamanı mümkün “humanitar böhran”a və “çoxlu sayda insanın zərər görəcəyi insidentlər”ə hazırlaşmaq tapşırılıb. Qeyd edilib ki, hakimiyyət xəstəxanalara planlaşdırılan bütün əməliyyatları təxirə salmaq, tibb işçilərinin məzuniyyətlərini dayandırmaq və etirazlar günü bütün əməkdaşların işə çıxmasını təmin etmək barədə göstəriş verib.

Nəşr yazıb ki, bu göstəriş sentyabrın 21-də polisin İmran Xanın üç bacısını “ictimai təhlükəsizliyə təhdid yaratmaq və ictimai asayişi pozmaq” səbəbilə 30 gün müddətinə saxlamasından, həmçinin “Ədalət Uğrunda Hərəkat” liderlərinin və fəallarının həbsindən və partiyanın ofislərində axtarışların aparılmasından sonra verilib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. Sabiq baş nazir 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı etimadsızlıq votumunun qəbul edilməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən etibarən korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə həbs cəzası alıb. İmran Xanın ailəsi onun səhhəti və həbsxanadakı saxlanma şəraiti ilə bağlı ciddi narahatlığını ifadə edir.

Vumart və Güvən reklamı Vumart Güvən