Alimlər 100 ildən sonra ilk dəfə yeni pinqvin növü aşkar ETDİLƏR

 23:14 22.09.2026     110

Alimlər 100 ildən artıq müddətdən sonra ilk dəfə yeni pinqvin növünü təsvir ediblər. Məlum olub ki, əvvəllər adi subantarktik (papua) pinqvin kimi tanınan canlılar əslində dörd fərqli növdən ibarətdir. Onlardan biri isə indiyədək elmə məlum olmayıb.

Redaktor.az xəbər verir ki, tədqiqat “Communications Biology” jurnalında dərc olunub.

Araşdırmanı Kaliforniya Universitetinin Berkli kampusunun alimləri Çilidən olan həmkarları ilə birlikdə aparıblar. Tədqiqatçılar 10 yuvalama koloniyasından 64 quşun tam genomunu analiz edib, minlərlə genetik fərqi müqayisə edib, həmçinin quşların rəng xüsusiyyətlərini, səslərini, çoxalma dövrlərini, qidalanmasını və davranışlarını araşdırıblar.

Yeni növ Pygoscelis kerguelensis adlandırılıb. Cənub-şərqi subantarktik pinqvin kimi tanınan bu növ ən yaxın məskunlaşmış ərazidən təxminən 3 min kilometr uzaqda yerləşən Kergelen adalarında yaşayır.

Bu, “kriptik” növdür. Yəni görünüş baxımından digər qohumlarından demək olar ki, fərqlənmir, lakin genetik baxımdan müstəqil növ hesab olunur.

Alimlər müxtəlif növlərdə fərqli uyğunlaşmalar da müəyyən ediblər. Məsələn, bəzi növlərdə istilik istehsalı və yağ ehtiyatının toplanması ilə, digərlərində isə enerjiyə qənaətli maddələr mübadiləsi və suya dalma qabiliyyəti ilə əlaqəli genlər aşkar edilib.

Araşdırmanın nəticələri iqlim dəyişikliyi ilə bağlı narahatlıq da yaradır. Dörd növdən üçü artıq iqlim dəyişikliyi səbəbindən təhlükə altındadır. Subantarktik adalarda yaşayan pinqvinlərin əsrin ortalarına qədər yaşayış mühitini itirmək riski var. Yalnız Antarktidaya daha yaxın ərazilərdə yaşayan bir növ istiləşmə fonunda arealını genişləndirə bilər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, ayrı-ayrı növlərin tanınması təbiətin qorunması baxımından da əhəmiyyətlidir. Əvvəllər bir növ hesab edilən canlıların əslində bir neçə həssas populyasiyadan ibarət olduğu müəyyən edildikdə, onların hər biri üçün ayrıca mühafizə tədbirlərinə ehtiyac yarana bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən