Ermənistan vasitəsilə Rusiyaya zərər vurmaq istəyirlər - Rəsmi Moskva
“Avropa İttifaqının (Aİ) Ermənistanla münasibətlərin inkişafına göstərdiyi maraq Rusiya üçün narahatlıq doğurur. Moskvada hesab edirlər ki, bu siyasətin məqsədlərindən biri Rusiyaya zərər vurmaq ola bilər”.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Vladislav Maslennikov deyib.
“Avropa İttifaqının Ermənistanla münasibətlərin inkişafına göstərdiyi nəzərəçarpan və nümayişkaranə maraq bizdə suallar doğurur”, - diplomat bildirib.
Maslennikov qeyd edib ki, Aİ aşkar şəkildə Rusiyaya qarşı siyasət yürüdür və bu siyasət getdikcə hərbi-siyasi xarakter alır. Onun sözlərinə görə, Aİ-nin Ermənistana münasibətdə real niyyətlərini qiymətləndirərkən bu məqam nəzərə alınmalıdır.
“Brüssel heç vaxt altruizmi ilə seçilməyib. Onun əsas məqsədi heç də Ermənistanın iqtisadi rifahı deyil, Rusiyaya zərər vurmaq və öz geosiyasi məsələlərini həll etməkdir”, - Vladislav Maslennikov əlavə edib.













