Yaponiya orduya humanoid robotlar təqdim etməyə hazırlaşır

 17:17 23.09.2026     69

İşə qəbulda çətinlik çəkən Yaponiya ordusu fiziki süni intellekt (Sİ) ilə təchiz olunmuş humanoid robotların tətbiqinə başlaya bilər. "Japan Today" qəzeti Yaponiya hökumətindəki və hakim Liberal Demokrat Partiyasındakı (LDP) mənbələrə istinadən yazır ki, ölkə hakimiyyəti hazırda bu ehtimalı araşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Japan Today" nəşri məlumat yayıb.

Qeyd olunur ki, bu cür robotlar hərbi bazaların patrul edilməsi və lojistik dəstək verilməsi də daxil olmaqla, "qeyri-döyüş vəziyyətlərində" istifadə edilə bilər ki, bu da ölkənin Özünümüdafiə Qüvvələrinin şəxsi heyətinin sayını azaltmağa imkan verəcək.

Mənbələrin sözlərinə görə, bu işlərə Yaponiya Müdafiə Nazirliyinin Təchizat, Texnologiya və Logistika Agentliyi rəhbərlik edir. Özəl şirkətlər və universitetlər tərəfindən hazırlanmış humanoid robotların öz imkanlarını nümayiş etdirəcəyi bir müsabiqənin keçirilməsi planlaşdırılır. Gələcəkdə bu cür cihazlar kəşfiyyat və xilasetmə əməliyyatlarında da istifadə oluna bilər. Hökumət ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində əsas amil kimi süni intellektdən daha geniş istifadəni təmin etmək üçün ilin sonuna qədər müdafiə və təhlükəsizlik sektorundakı əsas sənədləri yenidən nəzərdən keçirməyi planlaşdırır.

Bu cür robotların təchiz edildiyi fiziki süni intellekt sistemləri onlara sensorlar və kameralar vasitəsilə toplanan məlumatları təhlil etməyə və müxtəlif tapşırıqları yerinə yetirməyə imkan verir. Lakin hakimiyyət orqanları hələ də süni intellektdən döyüş əməliyyatlarında istifadə etməkdə ehtiyatlıdırlar. Bu, texnologiyanın dost və düşmən qüvvələrini və ya döyüşçüləri mülki şəxslərlə çaşdıra biləcəyi riski ilə əlaqədardır.

LDP Təhlükəsizlik Komitəsinin yüksək vəzifəli rəhbəri bildirib: "Fiziki süni intellekt və silahlarla təchiz olunmuş humanoid robotların döyüş əməliyyatlarında istifadə olunacağını gözləmirik". Müdafiə Nazirliyinin nümayəndəsi də öz növbəsində süni intellektin "məhdud heyətlə aparılan əməliyyatları əvəz etmək və ya tamamlamaq" üçün təsirli bir vasitəyə çevrilə biləcəyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən