Pələng cəngəllikdə kişiyə hücum ETDİ
Malayziyada pələng hücumu nəticəsində 42 yaşlı kişi həyatını itirib.
Redaktor.az xəbər verir ki, hadisə Perak Sultanlığında, Korbu Təbiət Qoruğunun yaxınlığında baş verib.
42 yaşlı Zamberi Angah sentyabrın 21-də 23 yaşlı oğlu Co Zamberi ilə birlikdə cəngəlliyə bitki toplamağa gedib. Bu zaman pələng qəfil kişiyə hücum edərək onu kolluğa sürükləyib.
Hadisənin şahidi olan oğlu bildirib ki, atasının qışqırıq səsini eşidəndən sonra geri dönüb. O, pələngin atasını kolluğa apardığını gördüyünü deyib.
Gənc oğlan kömək çağırmaq üçün kəndə qaçıb. Həmin axşam polis, könüllülər və yerli sakinlərin iştirakı ilə axtarışlara başlanılıb. Bir müddət sonra Zamberi Angahın qalıqları bambukluqda aşkarlanıb.
Məlumata görə, yırtıcı kişini təxminən 200 metr məsafədə cəngəlliyin içərilərinə sürükləyib.
Hücumun Korbu Təbiət Qoruğunun kənarında baş verdiyi bildirilir. Pələngin qoruqdan gəldiyi ehtimal olunur. Hakimiyyət orqanları heyvanın tutulması üçün əraziyə tələlər yerləşdirib.
Aytəkin TOFİQQIZI













