Türkiyə Katzın Ərdoğana qarşı fikirlərinə cavab VERDİ

 15:58 24.09.2026     61

Türkiyə hakimiyyəti İsrail müdafiə naziri İsrael Katzın Prezident Rəcəb Tayyib Ərdoğana qarşı dediklərini əsassız və yersiz adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəsmi açıqlama yayıb.

Katz əvvəllər Türkiyə liderini "kağız üzərində sultan" adlandırmış və onu antisemit və təxribatçı ritorikada ittiham etmişdi.

Kommunikasiya İdarəsinin açıqlamasında deyilir: "Katzın prezidentimizə qarşı əsassız və yersiz açıqlamaları Qəzzada baş verənləri gizlədə bilməz".

Ankara həmçinin bildirib ki, Türkiyə Ərdoğanın rəhbərliyi altında ədalət, sülh və münaqişədən təsirlənən insanların hüquqlarının qorunması uğrunda mübarizə aparmağa davam edəcək. Türkiyənin fikrincə, İsrail rəhbərliyinin Qəzza zolağındakı hərəkətləri beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur.

Türkiyə ilə İsrail arasındakı münasibətlər İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatının başlamasından bəri kəskin şəkildə pisləşib. Ankara dəfələrlə İsrailin fələstinlilərə qarşı hərəkətlərini tənqid edib, İsraillə ticarəti dayandırıb və 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını müdafiə edib.

İki ölkə arasında diplomatik əlaqələr minimum səviyyədə saxlanılıb. Türkiyənin xarici işlər naziri Hakan Fidanın əvvəllər də bildirdiyi kimi, zərurət yarandıqda əməkdaşlıq kəşfiyyat orqanları vasitəsilə həyata keçirilir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən