Parisin mərkəzində şəhərin tarixini dəyişə biləcək qədim divar TAPILDI

 17:18 24.09.2026     74

Parisin mərkəzində aparılan arxeoloji qazıntılar zamanı şəhərin ilk yaşayış məskəninin yerləşməsi ilə bağlı uzun illərdir davam edən mübahisəyə aydınlıq gətirə biləcək qədim divar aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təxminən 20 metr uzunluğunda olan divar bu ilin yayında Senanın ortasındakı Site adasında, Notr-Dam kilsəsinin yaxınlığında yerləşən xəstəxananın ərazisində tapılıb. Nazirliyin məlumatına görə, daş və ağacdan ibarət tikili Dəmir dövründə Sena sahillərində yaşayan qall tayfası parizilərin inşa etdiyi Lutesiyanın qədim istehkamlarının bir hissəsi hesab olunur.

Sitatda qeyd olunur ki, Site adası ənənəvi olaraq qədim Lutesiyanın mərkəzi sayılıb. Lakin arxeoloji araşdırmalara əsaslanan başqa bir nəzəriyyəyə görə, ilk yaşayış məskəni əslində Parisin qərb ətrafında yerləşən Nanterdə olub.

Fransanın mədəniyyət naziri Katrin Peqar tapıntını “böyük irəliləyiş” adlandırıb. O bildirib ki, divar qall Lutesiyasını anlamaq üçün indiyədək aşkar edilən ən mühüm qalıqlardan biri ola bilər. Bununla yanaşı, divarın funksiyası və dəqiq xronologiyasının müəyyənləşdirilməsi üçün əlavə elmi araşdırmalara ehtiyac olduğu vurğulanıb.

Qədim Lutesiyanın adı ilk dəfə Roma sərkərdəsi Yuli Sezarın “Qalliya müharibəsi haqqında qeydlər” əsərinin VII kitabında çəkilir. Sezar şəhərin Senadakı körpülərlə birləşən adada yerləşdiyini qeyd edib. Bu təsvir Lutesiyanın dəqiq yeri ilə bağlı müxtəlif nəzəriyyələrin ortaya çıxmasına səbəb olub.

Arxeoloqların aşkarladığı divarda yanğın izləri də müəyyən edilib. Bu izlər Sezarın qallların Roma qoşunları ilə Lutesiya döyüşü ərəfəsində şəhərlərini yandırması barədə yazdıqları ilə uyğunluq təşkil edə bilər.

Mədəniyyət Nazirliyinin məlumatına əsasən, radiokarbon analizləri divardakı kömürləşmiş materialın e.ə. 10-200-cü illərə aid olduğunu göstərib. Bu dövrə e.ə. 52-ci ildə baş vermiş Lutesiya döyüşü də daxildir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən