Aİ ölkələrinin silahlanmasının sürətləndirilməsi tələb OLUNUR

 22:56 24.09.2026     66

Avropanın müdafiə qurumu Avropa İttifaqı ölkələrinin yenidən silahlanması prosesinin kəskin şəkildə sürətləndirilməsini və hərbi-sənaye bazasının əhəmiyyətli dərəcədə genişləndirilməsini tələb edir.

Redaktor.az xəbər verir ki, “Reuters” Avropa liderləri üçün hazırlanmış analitik hesabat layihəsinə istinadən yazıb ki, Brüssel 2030-cu ilə qədər müdafiə sahəsinə ayrılan vəsaitlərin həcmini və yatırımların sürətini ciddi şəkildə artırmalıdır. Sənəddə orduların hazırkı modernləşdirilmə tempinin səmərəsiz olduğu bildirilir.

2025-ci il ərzində Avropa İttifaqı faktiki olaraq fəal militarizasiya yoluna qədəm qoyub. Yaz aylarında Belçikada keçirilən növbədənkənar sammitdə kollektiv silah alışına və regional subsidiyaların yenidən bölüşdürülməsinə yönəlmiş, dəyəri 800 milyard avro olan “ReArm EU” proqramı təsdiqlənib.

Daha sonra Aİ Şurası uzunmüddətli hərbi quruculuq strategiyası çərçivəsində 150 milyard avro həcmində xüsusi SAFE fondunun yaradılmasına qərar verib. Bundan əlavə, NATO-nun Haaqada keçirilən yay sammitində Avropa ölkələrinin müdafiə xərclərinin 2034-cü ilə qədər mərhələli şəkildə ÜDM-in 5 faizinə çatdırılması barədə qərar qəbul edilib.

Moskvada bu addımlar kəskin narazılıqla qarşılanır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Brüsselin qarşıdurma və militarizasiya siyasətinə keçməsi Rusiyanı öz maraqlarını qorumaq üçün cavab tədbirləri görməyə vadar edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin yeni müdafiə təşəbbüslərinin anti-Rusiya yönümlü olduğunu dəfələrlə vurğulayıb. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Avropa sənayesinin sürətlə hərbi relslərə keçirilməsinin hakimiyyətlər tərəfindən durğunluq yaşayan iqtisadiyyatı stimullaşdırmaq üçün istifadə edildiyini bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən