Ayı uşağa hücum etdi: Atası köməyə gəldi

 16:25 25.09.2026     65

ABŞ-nin Vaşinqton ştatında 12 yaşlı oğlan həyətinə girən dişi ayının hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, hadisə sentyabrın 20-də Bellingham şəhərində baş verib. Robin Vestqeyt ailəsi ilə şam yeməyindən sonra həyətə çıxarkən ayı ilə qarşılaşıb.

Oğlanın sözlərinə görə, ayı ona iki dəfə hücum edib, yan və ayaq nahiyəsini cızıb. Ayı daha sonra onun biləyindən dişləyib. Robin heyvanın gözünə barmağı ilə toxunaraq ona zərbələr endirib və qışqırmağa başlayıb.

Səs-küyə oğlanın atası da gəlib. Ayı bu dəfə ona hücum edərək qolunu dişləyib. Ata heyvana zərbə vurduqdan sonra ayı ərazidən qaçıb.

Hadisədən sonra ayı ailənin evinə yaxın əraziyə qayıdıb. Hakimiyyət orqanları heyvanı tutmaq üçün ərazidə tələ qurub, lakin hələlik ayını ələ keçirmək mümkün olmayıb.

12 yaşlı Robin bildirib ki, onların yaşadığı ərazidə ayılara tez-tez rast gəlinir və belə vəziyyətdə necə davranmağı bilir. Buna baxmayaraq, heyvanla qarşılaşmanın onu ciddi şəkildə qorxutduğunu deyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən