Milan hava limanının adı DƏYİŞDİRİLDİ

 23:50 25.09.2026     83

Milanın əsas hava limanı olan “Malpensa”ya İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin adı verilib.

Redaktor.az xəbər verir ki, hava limanının tam adı bundan sonra “Milan-Malpensa Silvio Berluskoni Hava Limanı” olacaq. Bu barədə “Rainews24” telekanalı məlumat yayıb.

Ad dəyişdirilməsi ilə bağlı keçirilən rəsmi mərasimdə İtaliya Senatının sədri İnyatsio La Russa, xarici işlər naziri Antonio Tajani, nəqliyyat naziri Matteo Salvini, Lombardiya qubernatoru Attilio Fontana, eləcə də siyasətçinin ailə üzvləri iştirak ediblər.

Berluskoninin adının əbədiləşdirilməsi təşəbbüsü Baş nazirin müavini və nəqliyyat naziri Matteo Salvini tərəfindən irəli sürülüb. Təşəbbüs 2024-cü ilin yayında təqdim edilib və İtaliyanın Milli Mülki Aviasiya İdarəsinin (ENAC) Direktorlar Şurası ilə regional administrasiya tərəfindən dəstəklənib.

Lakin qərar Milan şəhər administrasiyasının və hava limanının yaxınlığında yerləşən Vareze əyalətinin üç bələdiyyəsinin etirazına səbəb olub.

Yerli hakimiyyət orqanları məsələ müzakirə edilərkən mövqelərinin nəzərə alınmadığını və hava limanını idarə edən SEA şirkətinin müəyyən edilmiş prosedurlardan kənar hərəkət etdiyini əsas gətirərək məhkəməyə müraciət ediblər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən