"İranı silməyi yalnız xəyal edə bilərsiniz" - Pezeşkiandan ABŞ-yə CAVAB

 22:01 27.09.2026     67

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin ölkəsinə qarşı siyasətini sərt tənqid edərək, Vaşinqtonun İranı məhv etmək planlarının puç olacağını bildirib.

Redaktor.az "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, Pezeşkian bu bəyanatı Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin 246 yeni layihəsinin açılış mərasimində çıxışı zamanı verib.

"Amerika İranı xəritədən silməyi, məhv etməyi və devirməyi yalnız xəyal edə bilər", – deyə İran prezidenti vurğulayıb. O, İran xalqının mövcud çətinliklərin öhdəsindən güc və qətiyyətlə gələcəyini, ölkənin inkişafını dayandırmadan bütün maneələri dəf edəcəyini bildirib.

Pezeşkian bu açıqlamaları BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etdiyi Nyu-York səfərindən qayıtdıqdan dərhal sonra verib. O, ABŞ Prezidenti Donald Trampın İranı hədəf alan bəyanatlarını əsassız təhdid adlandıraraq pisləyib. İran dövlət başçısı əlavə edib ki, Vaşinqton bir tərəfdən İran xalqını məhv etməklə hədələyib, digər tərəfdən insan hüquqlarından və beynəlxalq hüquqdan danışdıqda bu prinsiplər tamamilə mənasını itirir.

Çııxışında regional əlaqələrə xüsusi toxunan Pezeşkian ABŞ-nin tətbiq etdiyi sanksiyaların və məhdudiyyətlərin qonşu ölkələrlə mədəni, turizm və ticarət əlaqələrinin genişləndirilməsini daha da zəruri etdiyini deyib. O, sanksiyaları maneədən fürsətə çevirməyin vacibliyini qeyd edərək, qonşu dövlətlərlə hərtərəfli əməkdaşlığın iqtisadi artıma ciddi təkan verəcəyini bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən