"Bazamız çox böyük zərər görəcəkdi" - Tramp Britaniyadakı terror cəhdindən DANIŞDI
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyadakı "RAF Fairford" hərbi bazasında terror aktı planlaşdırmaqda şübhəli bilinən 5 nəfərin tutulduğunu açıqlayıb.
Redaktor.az "PA Media" agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslər ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən strateji obyektə "böyük ziyan" vurmağı planlaşdırıblar.
Tramp jurnalistlərə açıqlamasında Britaniya hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyətini yüksək qiymətləndirib: "Onlar bazamıza çox böyük zərər vurmaq niyyətində idilər. Şübhəlilər uzun müddət nəzarət altında saxlanıldı və sonda uğurlu əməliyyatla saxlanıldılar".
Əməliyyatın detallarına toxunsaq, polisə Qlosterşir qraflığında yerləşən "RAF Fairford" bazası istiqamətində hərəkət edən 3 şübhəli mikroavtobus barədə məlumat daxil olub. Dərhal həyata keçirilən tədbirlər nəticəsində 5 kişi həbs edilib. Şübhəli nəqliyyat vasitələrinə baxış keçirmək üçün partlayıcı maddələr üzrə mütəxəssislər cəlb olunub, ərazidə yerləşən 85-ə yaxın ev təhlükəsizlik məqsədilə təxliyə edilib.
Britaniyanın Müdafiə naziri Ues Stritinq hadisə ilə bağlı açıqlamasında şübhəlilərin xarici dövlətlərlə, xüsusən İranla mümkün əlaqələri barədə şərh verməkdən imtina edib. Nazir istintaqın ilkin mərhələdə olduğunu vurğulayaraq, motivlər barədə vaxtından əvvəl mülahizə yürütməyin məsuliyyətsizlik olacağını bildirib.
Qeyd edək ki, "RAF Fairford" bazası ABŞ Hərbi Hava Qüvvələrinin ağır bombardmançı təyyarələri üçün strateji əhəmiyyət kəsb edir və Yaxın Şərq istiqamətindəki hərbi əməliyyatlarda mühüm rol oynayır.
Aminə ŞAHSUVARQIZI













