Cənubi Koreya Ukraynadan Şimali Koreyalı hərbi əsirlərlə bağlı üzr İSTƏDİ

 11:05 28.09.2026     51

Cənubi Koreya Ukraynadan Şimali Koreyaya məxsus iki hərbi əsirin ölkəyə təhvil verilməsi ilə bağlı məlumatların açıqlanmasına görə rəsmi izahat və üzr tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Euronews” Cənubi Koreya prezidentinin ictimaiyyətlə əlaqələr üzrə baş katibi Son Gi Honun açıqlamasına istinadən məlumat yayıb.

Məsələ Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftə iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya göndərildiyini açıqlamasından sonra gündəmə gəlib. Bundan bir neçə saat sonra Cənubi Koreya Prezidenti Li Çje Myonq bu addımı tənqid edib və razılaşmanın pozulmasından narazılığını bildirib.

Cənubi Koreya tərəfi iddia edir ki, iki ölkə arasında hərbi əsirlərin təhvil verilməsi ilə bağlı məlumatların məxfi saxlanılması barədə razılaşma olub. Prezident administrasiyasının nümayəndəsi Son Gi Hon Ukrayna tərəfinin bu razılaşmanı pozaraq məlumatı birtərəfli qaydada açıqlamasını ciddi məsələ adlandırıb.

Onun sözlərinə görə, Ukrayna prezidentinin mətbuat xidmətinin belə bir məxfilik razılaşmasının olmadığını bildirməsi də iki hökumət arasında etimadı sarsıdıb və ölkələr arasındakı dostluq münasibətlərinə ciddi zərər vurub. Cənubi Koreya bununla bağlı əlavə tədbirlərin görülməsi məsələsini də nəzərdən keçirir.

Ukrayna Prezidenti Zelenskinin köməkçisi Dmitri Litvin isə məsələni yumşaltmağa çalışaraq prezidentin yalnız hərbi əsirlərin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığını bildirib. Onun sözlərinə görə, Ukraynanın “açıq ölkə” olması səbəbindən belə bir təhvilvermənin gizli həyata keçirilməsi qəribə olardı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən