Aİ Qırmızı dənizdə ticarət gəmilərini qorumaq üçün hərbi gəmi çatışmazlığını etiraf ETDİ
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən “Aspides” missiyası çərçivəsində hərbi gəmi çatışmazlığının olduğunu açıqlayıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Kallas Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünə gələrkən jurnalistlərə bildirib ki, hazırda missiya çərçivəsində gəmilərin müşayiəti ilə bağlı müraciətlərin sayı əvvəlkindən daha çoxdur.
“Biz Yaxın Şərqdəki vəziyyəti, xüsusilə regionda həyata keçirdiyimiz dəniz əməliyyatlarını müzakirə edəcəyik. ‘Aspides’ əməliyyatımız var, lakin onun həyata keçirilməsi üçün daha çox dəniz qüvvələrinə ehtiyacımız var. Hazırda ehtiyac heç vaxt olmadığı qədər yüksəkdir. Gəmilərin müşayiəti ilə bağlı çoxlu müraciətlər alırıq, lakin bunu həyata keçirə biləcək dəniz qüvvələrinə ehtiyacımız var”, – deyə Kallas vurğulayıb.
O, təxminən 10 gün əvvəl də İtaliyanın müdafiə naziri Qvido Krozettonun müraciətinə cavab olaraq missiya üçün müşayiət qüvvələrinin çatışmadığını bildirmişdi.
Kallas həmin açıqlamasında Aİ-nin daha çox və lazımi avadanlıqlarla təchiz edilmiş dəniz və hava vasitələrinə ehtiyac duyduğunu qeyd etmişdi. O, həmçinin birbaşa müdafiənin təmin edilməsi imkanlarının genişləndirilməsinin vacibliyini vurğulamışdı.
“Aspides” missiyası Qırmızı dəniz və ona bitişik sularda gəmiçilik azadlığının qorunması məqsədilə Aİ tərəfindən həyata keçirilən hərbi-dəniz əməliyyatıdır. Missiya çərçivəsində hərbi gəmilər ticarət gəmilərini mümkün hücumlardan qoruyur və müşayiət edir. Həmçinin qanunsuz silah ticarəti və “kölgə donanmaları” ilə bağlı məlumatlar toplanır.
“Aspides” əməliyyatının mandatı 2027-ci ilin fevralına qədər qüvvədədir.
NURİYYƏ













