Səhv qulağı əməliyyat etdilər: Xəstə kar OLDU
Türkiyənin Gebze şəhərində bir sakin cərrahi səhv nəticəsində sağlam qulağından əməliyyat olunub.
Redaktor.az xəbər verir ki, NTV-nin məlumatına görə, hadisə Murat Tərəkçinin xəstəxanaya qulaq ağrısı şikayəti ilə müraciət etməsindən sonra baş verib.
Həkimlər onun sağ qulağında maye yığılması aşkar edərək əməliyyat tövsiyə ediblər. Lakin Tərəkçinin sözlərinə görə, əməliyyat səhvən sol qulaqda aparılıb.
Xəstə əməliyyatdan sonra sol qulağında güclü ağrı hiss edib və həkimlərdən hansı qulağının əməliyyat olunduğunu soruşub. Səhvi anlayan tibbi heyət həmin gün onu ümumi anesteziya altında ikinci dəfə əməliyyat edib.
Tərəkçi hər iki əməliyyatdan sonra qulaqlarında davamlı səs-küy və cingilti, eşitmə itkisi, həmçinin tarazlıq problemləri ilə üzləşdiyini bildirib.
Onun vəkili məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini açıqlayıb. Vəkilin sözlərinə görə, araşdırmanın aparılması üçün Səhiyyə Nazirliyindən icazə gözlənilir və xəstəxana rəhbərliyi ilə aparılan danışıqlar nəticəsiz qalıb.
Xəstəxana rəhbərliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.













