Rusiyaya xarici təzyiqə güzgü effekti ilə cavab veriləcək - Putin
Rusiya istənilən xarici təzyiq cəhdinə güzgü effekti ilə cavab verəcək.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçovla görüşündə bildirib.
Görüş Atom Sənayesi İşçisinin Günü ilə bağlı keçirilib. Bu gün Rusiyada sentyabrın 28-də qeyd olunur.
Putinin sözləri Lixaçovun sanksiya təzyiqi fonunda dövlət korporasiyasının planları barədə danışmasından sonra səslənib.
“Hazırda elə bir dövrdür ki, biz irəliyə doğru hərəkət edəcəyik. Bizə nə qədər güclü təzyiq göstərsələr, nəticəmiz də bir o qədər yüksək olacaq. Buna tam əminəm”, - deyə Lixaçov bildirib.
Putin isə cavabında “Biz özümüz hamıya təzyiq göstərəcəyik”, - deyə qeyd edib.
Lixaçov bildirib ki, son 10 ildə dövlət müdafiə sifarişi nəzərə alınmadan korporasiyanın gəlirləri dörd dəfə artaraq 3 trilyon rubldan çox olub. Texnoloji suverenliklə bağlı yeni istiqamətlər üzrə gəlirlər isə 10 dəfə artıb.
Xədicə BAXIŞLI













