Altı Avropa ölkəsi Aİ-nin yeni uzunmüddətli büdcəsinə qarşı ÇIXDI
Almaniya da daxil olmaqla altı Avropa ölkəsi Avropa İttifaqının (Aİ) növbəti yeddi il üçün nəzərdə tutulan yeni büdcəsi ilə bağlı razılaşmanın qarşısını almaqla hədələyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin məlumatında bildirilib.
Məlumata görə, Almaniya, Niderland, İsveç, Danimarka, Avstriya və Finlandiya Aİ-nin 2028–2034-cü illəri əhatə edəcək uzunmüddətli büdcəsində xərclərin yüz milyardlarla avro azaldılmasını tələb edir.
Bu ölkələr tələbləri təmin edilmədiyi təqdirdə büdcə ilə bağlı razılaşmanı bloklaya biləcəklərini bildiriblər.
“Financial Times”ın məlumatına görə, sözügedən ölkələr vəsaitlərin hərbi-sənaye kompleksinə və innovasiya şirkətlərinə yönəldilməsini, kənd təsərrüfatı sektoru və Avropa İttifaqının daha yoxsul regionlarına ayrılan maliyyələşmənin isə azaldılmasını istəyirlər.
Altı ölkənin hökumətləri hazırda iqtisadiyyat və təhlükəsizlik sahəsindəki çağırışların qarşısının alınmasının vacib olduğunu vurğulayıblar.
Aİ-yə üzv ölkələr yeni uzunmüddətli büdcənin yekun variantını 2026-cı ilin sonuna qədər razılaşdırmalıdır. Yeni büdcənin 2028-ci ildən 2034-cü ilədək qüvvədə olması nəzərdə tutulur. Layihənin bu ilin payızında Aİ Şurasına ilin ikinci yarısında sədrlik edən İrlandiya tərəfindən təqdim ediləcəyi gözlənilir.
Danışıqları Aİ ölkələri arasında xərclərin həcmi və ümumavropa vəsaitlərinin hansı istiqamətlərə yönəldilməsi ilə bağlı fikir ayrılıqları çətinləşdirir.
Aİ-nin büdcəsi ittifaqın yeddiillik dövr ərzindəki xərclərinin həcmini müəyyənləşdirir. Büdcənin təsdiqlənməsi üçün bütün üzv ölkələrin razılığı və Avropa Parlamentinin təsdiqi tələb olunur.
NURİYYƏ













