"İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək" - Qalibafdan XƏBƏRDARLIQ
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, onun ölkəsinin təhlükəsizliyi təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz olmayacaq.
Redaktor.az rəsmi IRNA agentliyinə istinadla xəbər verir ki, İran parlamentinin sədri ABŞ-nin blokadası ilə bağlı bildirib: “İran neft sata bilmirsə, regionda heç kim neft sata bilməz. Ölkənin təhlükəsizliyi təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz olmayacaq”.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı təhdidlərinə toxunan Qalibaf deyib: “ABŞ Prezidentinin İran xalqına qarşı nümayiş etdirdiyi təkəbbür onların hələ də davranışlarını dəyişmədiklərini göstərir”.
Vaşinqtonun İrana qarşı siyasətindən imtina etməli olduğunu bildirən parlament sədri əlavə edib: “Amerikalılar bilməlidirlər ki, bu mədəni milləti məhv etməyə yönəlmiş qorxutma və təhdidlər dövrü bitdi”.
O, əlavə edib ki, İran təhdidlər və ya blokadalar qarşısında geri çəkilməyəcək və istənilən təcavüzə “sərt, qətiyyətli və sürətli cavablar” verəcək. Eyni zamanda, Vaşinqton administrasiyası İrana qarşı düşmən mövqeyini dəyişərsə, İran da eyni cavabı verəcək.













