"Moskvaya mesajımız aydındır: Ukrayna üçün daha çox iş görəcəyik"
NATO-nun Baş katibi Mark Rutte alyansın Ukraynaya göstərdiyi hərbi və siyasi dəstəyin aramsız davam edəcəyini bəyan edib. O vurğulayıb ki, NATO ölkələrinin bu qətiyyəti Moskva üçün açıq-aşkar siqnaldır.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mark Rutte Rusiyanın NATO müttəfiqlərinə qarşı düşmənçilik xarakterli və hibrid fəaliyyətlərini davam etdirdiyini iddia edib. Onun sözlərinə görə, Kremlin əsas məqsədi alyans ölkələrinin birliyini və qətiyyətini zəiflətmək, həmçinin Kiyevə göstərilən köməyi dayandırmaqdır.
“Moskvaya mesajımız aydındır: biz Ukrayna üçün daha az deyil, müttəfiqlərimizlə birgə daha çox iş görəcəyik”, - deyə NATO-nun Baş katibi qeyd edib.
O, öz növbəsində Rusiya Prezidenti Vladimir Putinin mövqeyini də xatırladıb. Rusiya dövlət başçısı daha əvvəl bəyan etmişdi ki, ölkəsi Avropa ilə hər hansı müharibəyə hazırlaşmır və bunun üçün heç bir hərbi-siyasi motiv və ya əsas yoxdur.
Rusiya lideri bildirib ki, Qərb ölkələri və Avropa Şurası Ukraynaya yardımları davam etdirməyə bəhanə yaratmaq üçün regiondakı gərginliyi bilərəkdən artırır.
Aminə ŞAHSUVARQIZI













