Edam ediləcəkdi: 40 il sonra azadlığa buraxılır
ABŞ-nin Yuta ştatında 1985-ci ildə Eva Olesenin qətlinə görə edam cəzasına məhkum edilmiş Duqlas Stüart Karter girov müqabilində azadlığa buraxılacaq.
Redaktor.az xəbər verir ki, CBS News-un məlumatına görə, iş üzrə aparılan yeni DNT ekspertizası Karterin genetik profilinin cinayət yerindən götürülmüş bioloji nümunələrlə uyğun gəlmədiyini göstərib.
Karterin ilkin məhkumluğu onun etirafına və qətl barədə ona etiraf etdiyini bildirən iki şahidin ifadəsinə əsaslanıb. Lakin sonradan hər iki şahid ifadəsini geri götürüb. Karter isə etirafının təzyiq və təhdid altında alındığını bildirib.
2024-cü ildə Yuta Ali Məhkəməsi müstəntiqlərin qanunsuz hərəkətlərə yol verdiyini müəyyən etdikdən sonra iş üzrə araşdırmanın yenidən aparılmasına qərar verib.
Olesenin ailəsi Karterin azadlığa buraxılmasına qarşı çıxıb. Mərhumun gəlini istintaqın davam etdiriləcəyinə ümid etdiklərini bildirib və cinayət yerində aşkarlanan DNT-nin Karterə məxsus olmamasının onun tam günahsız olduğunu avtomatik sübut etmədiyini qeyd edib.













