Ukraynada döyüşləri dondurmaq və danışıqlara keçmək lazımdır - Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynada döyüşlərin dayandırılaraq danışıqlar prosesinə keçilməsinin zəruri olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Tokayev bu barədə Berlinə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında danışıb.
“Biz lap əvvəldən demişik və mən də bunu bildirmişəm ki, Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə, ənənələrinə və əlbəttə ki, ukrayna dilinə böyük hörmətlə yanaşırıq. Buna görə də mən müharibənin dərhal dayandırılmalı olduğunu deməmişəm. Başa düşürəm ki, müasir şəraitdə bu, yəqin ki, real olmazdı”, - deyə Tokayev bildirib.
Qeyd edək ki, iyulun 25-də Rusiya Prezidenti Vladimir Putin və Tokayev Omskda görüşüblər. Görüş zamanı Qazaxıstan lideri Ukrayna münaqişəsinin dondurulmasını və nizamlanma üzrə İstanbul formuluna qayıtmağı təklif edib.
Tokayev Türkiyədə keçirilən danışıqlarda əhəmiyyətli nəticələrin əldə olunduğunu bildirərək, Rusiya da daxil olmaqla böyük dövlətlərin təminatları əsasında sülh istiqamətində irəliləməyin məqsədəuyğun olduğunu qeyd edib.
Xədicə BAXIŞLI













