Tramp ABŞ-nin texnologiya şirkətlərinin rəhbərləri ilə GÖRÜŞDÜ
ABŞ Prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Evdə ölkənin aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə görüş keçirirlər.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Görüşdə süni intellektin tənzimlənməsi ilə bağlı məsələlərin müzakirə olunduğu bildirilir.
Trampla görüşənlər arasında “Meta” şirkətinin rəhbəri Mark Zukerberq, “Anthropic” şirkətinin baş direktoru Dario Amodei, “Nvidia” şirkətinin rəhbəri Jensen Huang və “OpenAI” şirkətinin prezidenti Qreq Brokman da var.
Agentlik görüşdə “Google” şirkətinin rəhbəri Sundar Piçainin və “xAI” şirkətinin rəhbəri İlon Maskın da iştirak edə biləcəyini qeyd edib.
Bundan əvvəl “Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson texnologiya şirkətləri arasında süni intellekt sahəsindəki rəqabətin dünyanı “geri dönüş nöqtəsinə” yaxınlaşdırmasından narahat olaraq İT sektorunu tərk edib.
Qeyd edək ki, “OpenAI” şirkətinin baş direktoru Sem Altman iyul ayında süni intellekt yarışında dünyanın “sinqülyarlıq nöqtəsinə” çatdığını bildirib. Texnoloji sinqulyarlıq texnologiyanın inkişafının idarəolunmaz və geri dönməz xarakter alacağı, bunun isə sivilizasiyada ciddi dəyişikliklərə səbəb olacağı ilə bağlı fərziyyədir.
Xədicə BAXIŞLI













