Ərəb pilot öz yoldaşını bıçaqladı, təyyarəni rus və ukraynalı sərnişinlər endirdi - YENİLƏNİB - VİDEO
"Flydubai" aviaşirkətinin Səudiyyə Ərəbistanında təcili eniş edən təyyarəsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin "Israel Hayom" qəzeti məlumat yayıb.
Bildirilib ki, təyyarəni rus və ukraynaəsilli pilotlar təhlükəsiz şəkildə yerə endiriblər. Həmin şəxslər uçuş zamanı sərnişin qismində göyərtədə olublar.
Təyyarəni qaçırmağa və ya qəza törətməyə cəhd edən şəxs Oman vətəndaşıdır. Xəsarət alan kapitan isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. Rusiya və Ukrayna mənşəli pilotların operativ müdaxiləsi nəticəsində təyyarədəki 180 nəfərin həyatı xilas edilib.
***
“Flydubai” aviaşirkətinin təyyarəsinin pilotlarından biri rusiyalı, digəri isə ukraynalı olub.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” kanalı məlumat yayıb.
***
“Flydubai” aviaşirkəti pilotların mübahisəsindən sonra Təl-Əvivə uçan təyyarənin istiqamətini Səudiyyə Ərəbistanına dəyişdiyini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə şirkətin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib.
“Flydubai” təyyarənin qaçırılması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edib.
***
Dubay–Təl-Əviv reysini yerinə yetirən “Flydubai” aviaşirkətinə məxsus təyyarə mümkün qaçırılma barədə siqnal verdikdən sonra istiqamətini dəyişərək Səudiyyə Ərəbistanına uçub.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
“Flightradar24” xidmətinin məlumatına əsasən, təyyarə İordaniya üzərində dövrə vurub. Ekipajın qaçırılma zamanı istifadə olunan fövqəladə kodu aktivləşdirdiyi və təhlükə siqnalı göndərdiyi bildirilib.
Hadisə ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələri döyüş hazırlığı səviyyəsini yüksəldib və havaya qırıcı təyyarələr qaldırıb. Baş nazir Binyamin Netanyahu müdafiə qurumunun nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə təcili müşavirə çağırıb.
Təyyarə daha sonra Səudiyyə Ərəbistanına təhlükəsiz eniş edib. Enişdən sonra İsrail mediası hadisəyə pilotlar arasında baş verən davanın səbəb olduğunu yazıb.
Təyyarənin göyərtəsində 150-dən çox sərnişin olub. Onların əksəriyyətinin İsrail vətəndaşları olduğu qeyd edilib.
Aminə ŞAHSUVARQIZI
***
Tel-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.
Redaktor.az xəbər verir ki, "The Jerusalem Post"un məlumatına görə, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib.
***
Qaçırıldığı bildirilən Dubay-Tel-Əviv təyyarəsinin 10 dəqiqə ərzində Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
***
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.
Redaktor.az xəbər verir ki, “Ynet”in məlumatına görə, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.
Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.
Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.
İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.













