"Sağ çıxmayacağımızı düşünürdük" - Pilot təyyarəni qəsdən yerə vurmaq istədi
Dubay–Təl-Əviv marşrutu üzrə uçan “Flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsində pilotlardan birinin təyyarəni kəskin şəkildə aşağı endirərək yerə yönəltməyə çalışdığı, digər pilotun isə buna mane olduğu bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, hadisə zamanı pilotlar arasında fiziki qarşıdurma yaranıb. İsrailli sərnişinlərin də ekipaja vəziyyəti nəzarətə götürməkdə kömək etdiyi bildirilir.
Bundan sonra təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə yönləndirilib və hava limanına məcburi eniş edib.
Təyyarədə 100-ü israilli olmaqla 180 sərnişinin olduğu bildirilib. Sərnişinlərin sözlərinə görə, onlar kabinənin yaxınlığından qışqırıq səsləri eşidib və qan izləri görüblər. Bəzi sərnişinlər pilotlardan birinin digərinə bıçaqla xəsarət yetirməyə cəhd etdiyini iddia ediblər.
“Elə anlar oldu ki, buradan necə sağ çıxacağımızı düşünürdük”, - sərnişinlərdən biri deyib.
Təyyarə Tabuk hava limanına endikdən sonra pilotların təyyarədən çıxarıldığı bildirilib.
İlkin məlumata görə, təyyarədəki bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir. Hadisənin səbəbləri və təyyarənin uçuş zamanı baş verən insidentin bütün təfərrüatları araşdırılır.













