23 ildən sonra ABŞ və koalisiya qüvvələri İraqdan tam ÇIXARILDI
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnell ABŞ və koalisiya qüvvələrinin İraqdan çıxarılma prosesini tamamladığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, yazılı bəyanatda prosesin 2024-cü ilin sentyabrında ABŞ və İraq arasında yayımlanan birgə açıqlama və ABŞ-nin milli maraqları çərçivəsində həyata keçirildiyi qeyd olunub.
Parnell ABŞ-nin İraqdakı hərbi iştirakı dövründə bölgədə terror təhlükəsinin məğlub edildiyini iddia edib. O, İraq təhlükəsizlik qüvvələrinin, o cümlədən peşmərgələrin və Şimali İraqdakı digər təhlükəsizlik strukturlarının ölkənin təhlükəsizliyini təmin etmək və İŞİD qalıqlarına qarşı mübarizəyə rəhbərlik etməsinin gözlənildiyini bildirib.
Pentaqonun İraqa təlim və kəşfiyyat dəstəyi verməyi davam etdirəcəyi vurğulanıb. Parnellin sözlərinə görə, İraqın suverenliyinə və regional sabitliyə təhlükə yaradan İŞİD qalıqları və İranmeyilli silahlı qruplar da daxil olmaqla, ölkənin üzləşdiyi təhlükəsizlik problemlərinin həllinə əsas məsuliyyət artıq İraq hökumətinin üzərinə düşür.
ABŞ rəsmisi Vaşinqtonun terrorla mübarizəyə sadiqliyini qoruduğunu deyərək, sərhədlərini qoruya bilən, əhalisinin təhlükəsizliyini təmin edən və iki ölkə arasında daha dərin ticari, diplomatik və təhlükəsizlik əməkdaşlığı üçün zəmin yaradan güclü və suveren İraqı dəstəklədiklərini bildirib.
Səddam Hüseyn rejimini devirmək məqsədilə 2003-cü ilin martında İraqa müdaxilə edən ABŞ-nin ölkədə məlum olan 9 hərbi bazası olub. Vaşinqton 2011-ci ildə İraqdan çəkilsə də, həmin bazalar vasitəsilə ölkədəki hərbi mövcudluğunu gücləndirib.
2003-cü ildə başlayan hərbi iştirak illərlə davam edən dağıntılar və ağır insan itkilərindən sonra başa çatıb. Xəbərdə ABŞ-nin İraqdakı işğalı dövründə Əbu Qreyb həbsxanasında işgəncə və zorakılıq hallarının, Məhəmmədiyyə və Hədisə hadisələrinin, Bağdaddakı Nisur meydanı qətliamının baş verdiyi qeyd olunur.
İşğal dövründə Əbu Qreyb və Kemp Bukka həbsxanalarında minlərlə iraqlının məhkəməsiz saxlanıldığı, işgəncələrə və zorakılığa məruz qaldığı bildirilib. 2004-cü ildə Əbu Qreybdəki rəftarla bağlı görüntülərin yayılması beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurub.
ABŞ qüvvələrinin 2004-cü ildə Fəllucədə keçirdiyi əməliyyatlar zamanı ağ fosfordan istifadə etdiyi barədə məlumatlar da diqqət çəkib. Mənbəyə görə, ağ fosforun istifadəsi insan sağlamlığına və ətraf mühitə ciddi zərər vurub.
Müharibə dövründə İraqın maddi və mədəni irsinin də talan edildiyi, UNESCO-nun qiymətləndirməsinə əsasən, yalnız İraq Milli Muzeyindən 15 min eksponatın oğurlandığı bildirilib. Milli kitabxana və arxivlərdəki çoxsaylı tarixi sənədlər, əlyazmalar və dövlət qeydləri isə yanğınlar və talanlar nəticəsində məhv olub.
Yayılmış məlumatlarda tükənmiş uran sursatlarının torpağa və yeraltı su mənbələrinə təsiri, Fəllucə ətrafında doğuş qüsurları ilə bağlı artım iddiaları, Əl-Mişraq kükürd zavodunda uzunmüddətli yanğın və kaset bombalarının yaratdığı təhlükələr də ABŞ-nin İraq əməliyyatlarının ağır nəticələri sırasında göstərilir.
Aminə ŞAHSUVARQIZI













