Kiçik it sahiblərini ayıdan xilas ETDİ
ABŞ-nin Şimali Karolina ştatında kiçik bir it öz həyatı bahasına sahiblərini ayı hücumundan xilas edib.
Redaktor.az "People"yə istinadla xəbər verir ki, qara ayı Jeff Wilson evdən çıxdıqdan dərhal sonra ona hücum edib. Fransız buldoqu olan Cassie dərhal sahibinin köməyinə gəlib. Qurbanın həyat yoldaşı qışqırıqları eşidərək çölə qaçıb.
“Cassie dərhal içəri girdi və özünü Jeff ilə ayının arasına qoydu”, - deyə o bildirib.
Qadın ərinin yerdə uzandığını və ayının iti çənəsində saxladığını görüb. O, bağ mebelindən bir əşya götürərək ayını vurmağa çalışıb. Ayı qadını yıxıb, başının arxasından dişləyib və daha sonra qaçıb.
Jeff iki qabırğasını sındırıb, ayının caynaqları və dişləri nəticəsində çoxsaylı xəsarətlər alıb. Qadın isə başından və qolundan yaralanıb. Onlar Cassieni yaxınlıqdakı bağçada taparaq dərhal baytara aparıblar.
Həkimlər iki gün ərzində cəsur itin həyatını xilas etməyə çalışıblar, lakin onu xilas etmək mümkün olmayıb.
“Cassie heç də gözətçi iti deyildi. O, evdə yaşayırdı və insanların qucağında oturmağı sevirdi. Onun həyatı uğrunda belə mübarizə aparması dəhşətlidir. Əminik ki, onun müdaxiləsi hər ikimizin həyatını xilas etdi”, - deyə Mallori bildirib.
Aytəkin TOFİQQIZI














