Qaçırılma siqnalı verən təyyarəni santexnik xilas edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, “Flydubai” aviaşirkətinin təyyarəsində baş verən insident zamanı mümkün terror aktının qarşısını alan israilli sərnişin santexnik işləyir.
Redaktor.az xəbər verir ki, Netanyahu bu barədə ABŞ-nin “Fox News” telekanalına müsahibəsində danışıb.
Baş nazir hadisə zamanı qəhrəmanlıq göstərən israillinin adının Yaniv olduğunu deyib.
“Mən bu israilli ilə görüşdüm. Onun adı Yanivdir və ondan soruşdum: “Bunu necə etdin?”. O cavab verdi: “Sadəcə bunu etməli idim”. Orada onun ailəsi, 174 sərnişin vardı, onların əksəriyyəti isə israillilər idi. O, onları xilas etməli idi və soyuqqanlı, qəhrəmancasına hərəkət etdi”, - Netanyahu bildirib.
İsrail hökumətinin başçısı əlavə edib ki, həmin şəxsin hərəkətləri “daha bir 11 sentyabr hadisəsinin qarşısını alıb”.
Netanyahu Yanivdən gündəlik həyatında nə işlə məşğul olduğunu da soruşduğunu bildirib.
“Mən santexnikəm. Kanalizasiya tutulmalarını aradan qaldırıram”, - deyə baş nazir onun cavabını sitat gətirib.
Netanyahu həmçinin hücum edən şəxsin digər pilota qarşı hücum zamanı balta istifadə edə biləcəyini açıqlayıb.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” sərnişin təyyarəsində qaçırılma siqnalı verilib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına eniş edib.
İsrailin 12-ci telekanalının məlumatına görə, insidentə iki pilot arasında yaranan mübahisə səbəb olub. “i24News” telekanalı isə şahidlərə istinadən pilotlardan birinin bıçaqla yaralandığını bildirib. İsrailin müdafiə naziri İsrael Katz hadisəni terror aktına cəhd kimi qiymətləndirib.













