107 yaşlı qadın doğum günündən 3 saat sonra vəfat ETDİ

 13:23 01.10.2026     124

Puerto Rikoda 107 yaşlı Mariya Morales Tirado doğum günündən 3 saat 45 dəqiqə sonra vəfat edib.

Redaktor.az "Need To Know"a istinadən xəbər verir ki, Mariyanın oğlu Toni Morales anasının həyatını öz şərtləri ilə, dinc şəkildə başa vurduğunu bildirib.

Onun sözlərinə görə, Mariya uzunömürlülüyünün əsas sirrini ömrü boyu işləməsi ilə əlaqələndirib. O, spirtli içki qəbul etməyib, rəqs etməyib və qənaətcil həyat tərzi sürüb.

“Mən uşaqlarımı böyütdüm, fermada işlədim və çoxlu funçe yedim”, - deyə Mariya bildirib.

Məlumata görə, Mariya hətta 90 yaşında da torpağı becərməyə davam edib. Nəvəsinin sözlərinə görə, həmin dövrdə o, böyük fiziki gücə malik olub və ağır işləri rahatlıqla yerinə yetirib.

Toni Morales bildirib ki, anasının son illərində fiziki gücü azalsa da, o, yaxınlarına öz müdrikliyini ötürməyə davam edib.

“Mariyanın həyatı sadəcə illərlə ölçülə bilməz. Onun əsl mirası geridə qoyduğu nəsillərdə yaşayır”, - deyə o qeyd edib.

Məlumata görə, Mariya 14 uşaq böyüdüb. Onun 48 nəvəsi, 71 nəticəsi və 28 kötükcəsi olub.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən