16 yaşlı yeniyetmənin qaşının altında diş çıxdı - Dünyada İLK

 16:47 01.10.2026     71

Hindistanda həkimlər 16 yaşlı yeniyetmənin göz yuvasının yuxarı hissəsində, qaşının altında yerləşən nadir ektopik diş aşkarlayıblar. Mütəxəssislərin sözlərinə görə, dişin məhz bu nahiyədə yerləşməsi tibbi ədəbiyyatda daha əvvəl qeydə alınmayıb.

Redaktor.az xəbər verir ki, qeyri-adi hadisə Tamilnad ştatının Maduray şəhərində yerləşən Aravind Göz Xəstəxanasının oftalmoloqları tərəfindən aşkarlanıb. Hadisə “Ophthalmology” jurnalında təsvir olunub.

16 yaşlı yeniyetmə təxminən bir ay ərzində davam edən, ağrısız üst göz qapağı şişkinliyi ilə həkimə müraciət edib. Şişkinlik yaranmazdan əvvəl hər hansı travma baş verməyib. Müayinə zamanı mütəxəssislər üst göz qapağının buruna yaxın daxili hissəsində iki ağımtıl və sərt çıxıntı aşkar ediblər.

İlkin olaraq həkimlər bunun teratoma – sümük və diş toxuması da daxil olmaqla müxtəlif toxumalardan ibarət ola bilən nadir şiş – olduğunu ehtimal ediblər. Lakin kompüter tomoqrafiyası nəticəsində həmin strukturun tacı və kökü olan tam formalaşmış dişə bənzədiyi müəyyənləşib.

Məlum olub ki, diş sol göz yuvasının yuxarı divarından başlayaraq önə doğru uzanıb və iki hissə şəklində xaricə çıxıb.

Mütəxəssislərin bildirdiyinə görə, dişlərin normal diş sırasından kənarda yerləşməsi ilə bağlı müxtəlif hallar daha əvvəl də təsvir edilib. Belə dişlər burun boşluğunda, üst çənə sinusunda və göz yuvasının aşağı hissəsində aşkarlanıb. Lakin göz yuvasının yuxarı hissəsində yerləşən dişlə bağlı belə hal ilk dəfə qeydə alınıb.

Araşdırmanın həmmüəllifi Meqhana Tanvar bildirib ki, bu, yalnız onların deyil, dünyada məlum olan ilk belə hadisədir.

Yeniyetmədəki törəmə cərrahi yolla çıxarılıb. Aparılan müayinə nəticəsində teratoma əlamətləri olmayan yetkin diş toxuması aşkarlanıb və bunun ektopik diş olduğu təsdiqlənib. Müayinələr zamanı bədənin digər nahiyələrində anormal yerləşmiş dişlərə rast gəlinməyib.

Alimlər dişin göz yuvasında yaranmasının dəqiq səbəbini müəyyən edə bilməyiblər. Onlar bu cür inkişaf pozuntularının mümkün səbəbləri arasında toxumaların formalaşma xüsusiyyətlərini, travmaları, infeksiyaları və genetik meyilliliyi nəzərdən keçirirlər.

Normal diş sırasından kənarda yerləşən dişlər adi diş inkişafı pozuntuları ilə müqayisədə olduqca nadir hallarda müşahidə olunur. Bu hadisəni xüsusilə qeyri-adi edən isə diş strukturunun çənədən tamamilə kənarda formalaşması və birbaşa göz yuvasının yuxarı hissəsində yerləşməsidir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən