ABŞ digər ölkələrdə yeraltı nüvə sınaqlarını aşkar etmək üçün təcrübə KEÇİRDİ

 17:10 01.10.2026     64

ABŞ yeraltı nüvə partlayışlarının aşkar edilməsi imkanlarını təkmilləşdirmək məqsədilə Nevada Milli Təhlükəsizlik Poliqonunda yeraltı qeyri-nüvə kimyəvi sınaq keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) məlumat yayıb.

Təcrübə zamanı kimyəvi partlayıcı maddələrdən və radioaktiv izləyicilərdən istifadə olunub. Akselerometrlər, seysmometrlər, infrasəs və elektromaqnit sensorları vasitəsilə toplanan məlumatların elmi modellərin yoxlanılması və partlayışların aşkarlanması alqoritmlərinin təkmilləşdirilməsi üçün istifadə edilməsi planlaşdırılır.

Təcrübənin əsas məqsədi qurğunun böyük yeraltı kameranın daxilində partladıldığı halda baş verən partlayışı aşkar etmək üsullarını sınaqdan keçirməkdir. Bildirilir ki, belə hallarda yaranan hava boşluğu seysmik dalğanı zəiflədə bilər və nəticədə güclü partlayış cihazlarda daha zəif hadisə kimi qeydə alına bilər.

NNSA rəhbəri Brendon Uilyams keçirilən sınaqla bağlı bildirib ki, nüvə fəaliyyətini aşkar etmək üçün nüvə sahəsində biliklərə ehtiyac var və bu cür təcrübələr ABŞ-ın həmin istiqamətdə imkanlarını qoruyub saxlamasına xidmət edir.

NNSA keçirilən təcrübəni ABŞ-ın iddiasına görə, Çinin 2020-ci ilin iyununda Lop Nur poliqonunda həyata keçirdiyi sınaqla əlaqələndirib. Pekin həmin vaxt Vaşinqtonun açıqlamasını ABŞ-ın özündə nüvə sınaqlarını bərpa etmək üçün “bəhanə hazırlamaq” cəhdi kimi qiymətləndirib.

ABŞ Energetika Nazirliyi xatırladıb ki, ölkə 1992-ci ildən nüvə partlayışlarına moratorium tətbiq edir və keçirilən təcrübə tammiqyaslı nüvə sınaqlarının bərpası demək deyil.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən