Cənubi Koreyadan Ukraynaya XƏBƏRDARLIQ
Cənubi Koreya Prezidenti Li Ce Myonq Ukraynanın iki Şimali Koreya hərbi əsirinin Cənubi Koreyaya təhvil verilməsi ilə bağlı məxfilik razılaşmasını tanımaması və üzr istəməməsi halında əlavə tədbirlər görüləcəyini bildirib.
Redaktor.az "Yonhap"a istinadən xəbər verir ki, Li Ce Myonq bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, Ukrayna tərəfi iki hərbi əsirin təhvil verilməsi ilə bağlı məlumatın məxfi saxlanılmasını istəyib və Cənubi Koreya bununla razılaşıb. Lakin Kiyev daha sonra məlumatı açıqlayıb və belə bir razılaşmanın olmadığını bildirib.
Cənubi Koreya Prezidenti qeyd edib ki, ölkəsi Ukraynadan razılaşmanın mövcudluğunu qəbul etməyi və rəsmi şəkildə üzr istəməyi tələb edib.
Li Ce Myonq həmçinin Ukrayna tərəfinin Şimali və Cənubi Koreya arasında mümkün hərbi qarşıdurmadan danışmasını tənqid edib. Onun sözlərinə görə, bu yanaşma Koreya yarımadasında müharibəyə təhrik kimi qiymətləndirilə bilər.
“Əgər faktları etiraf etməkdən və açıq şəkildə üzr istəməkdən imtina etməyə davam etsələr, əlavə tədbirlər görəcəyik”, - deyə Cənubi Koreya Prezidenti bildirib.
İki Şimali Koreya əsgəri 2025-ci ilin yanvarında Ukrayna qüvvələri tərəfindən Rusiyanın Kursk vilayətində əsir götürülüb. Onlar daha sonra Cənubi Koreyaya təhvil veriliblər.
Ukrayna isə belə bir məxfilik razılaşmasının mövcudluğunu qəbul etmir.
Aytəkin TOFİQQIZI













