Dünyanın ən bahalı şirkəti rekordunu YENİLƏDİ
Dünyanın ən bahalı şirkəti olan "Nvidia"nın səhmləri tarixi maksimumu yeniləyib. Şirkətin bazar dəyəri 5,7 trilyon dollara yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “Yahoo Finance” məlumat yayıb.
Məlumata görə, oktyabrın 2-də Nvidia-nın səhmlərinin qiyməti 235,54 dollarlıq əvvəlki rekord göstəricini keçib. Materialın hazırlandığı vaxt bir səhmin qiyməti 235,58 dollara çatıb.
Qeyd olunur ki, qrafik prosessorları, eləcə də şəbəkə və digər sistemlərin hazırlanması üzrə ixtisaslaşan Nvidia-nın uğuru süni intellekt sahəsində davam edən inkişaf və bu istiqamətdə infrastruktur xərclərinin artması ilə əlaqələndirilir.
Nvidia avqust ayında açıqladığı ikinci rüb üzrə hesabatında analitiklərin gözləntilərini üstələyən nəticələr göstərib. Şirkətin gəliri 96,2 milyard dollar təşkil edib. İyul-sentyabr dövründə isə gəlirin 105,8-110,1 milyard dollar olacağı proqnozlaşdırılıb.
Şirkətin bazar dəyəri ilk dəfə 2024-cü ilin fevralında 2 trilyon dolları keçib. Beş ay sonra bu göstərici 3,46 trilyon dollara, 2025-ci ilin sentyabrında isə 4,5 trilyon dollara yüksəlib.
Nvidia daha sonra Microsoft-u geridə qoyaraq dünyanın ən bahalı şirkətləri siyahısında ikinci pilləyə yüksəlib. Bir ay sonra isə siyahıya başçılıq edib və o vaxtdan bu mövqeyini qoruyub.
Xədicə BAXIŞLI













