Zelenski Trampdan Çinə qarşı sanksiyalar tətbiq etməsini İSTƏDİ
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan amerikalı iş adamı İlon Maskın “Starlink” şirkəti ilə rəqabət aparan peyk şəbəkəsinin hazırlanmasında iştirak edən Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsini istəyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr xatırladıb ki, Rusiya ordusu ilin əvvəlində Ukraynaya hücum edən dronların idarə edilməsi üçün “Starlink”dən istifadə etməyə başladıqdan sonra Mask bu ölkə üçün girişi bloklayıb. Zelenskinin sözlərinə görə, bu, Rusiyanı Çinin köməyi ilə özünün “Rassvet” adlı peyk şəbəkəsinin yaradılması planlarını sürətləndirməyə vadar edib.
“Çin bu texnologiya üzərində Rusiya ilə əməkdaşlıq edir və “Rassvet” ilin sonunda - gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər. Məlumdur ki, Çin Rusiyaya “Starlink”in analoqu yaratmaqda kömək edir”, - Zelenski vurğulayıb.
Dövlət başçısı xəbərdarlıq edib ki, belə bir imkan Rusiyaya hava zərbələrinin dəqiqliyini artırmasına şərait yaradacaq.
Volodimir Zelenski əlavə edib ki, bir neçə dəfə Trampdan bu məsələyə cəlb olunan qurumlara qarşı sanksiyalar tətbiq etməsini istəyib.













