Misir Efiopiyadakı hadisələrlə əlaqəsinin olmadığını BİLDİRDİ
Misirin Efiopiyada baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur.
Redaktor.az “Əl-Qahirə əl-İxbariyyə” telekanalının məlumatına istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülati bildirib.
“Misirin Efiopiyada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Çünki xarici siyasətimizin prinsiplərindən biri digər dövlətlərin daxili işlərinə qarışmamaqdır. Efiopiya hakimiyyətinin açıqlamaları öz böhranlarına görə məsuliyyəti başqalarının üzərinə qoymaq cəhdidir”, – nazir deyib.
Əbdülati vurğulayıb ki, Efiopiya hakimiyyətinin bu cür bəyanatları “elan edilən sabitliyi təmin etməyəcək” və Qahirə tərəfindən qəbuledilməz hesab olunur.
Bundan əvvəl Efiopiya Baş Qərargahının rəisi, feldmarşal Birhanu Jula Sudan, Misir və Eritreyanı Efiopiyanın federal qüvvələrinə qarşı döyüşən silahlı birləşmələri dəstəkləməkdə ittiham edib.
Oktyabrın 1-də Misir və Efiopiya qarşılıqlı olaraq bir-birinin səfirlik əməkdaşlarını ölkədən çıxardıqlarını açıqlayıblar. Efiopiya həmin gün Eritreyadakı səfirliyini bağlamaq və Eritreyanın səfirliyində çalışan 10 diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Afrika İttifaqı oktyabrın 2-də Efiopiya, Eritreya və Misir arasında münasibətlərin gərginləşməsi fonunda tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırıb.













